Təbiətimizin fırça şairi, cəmiyyətimizin keyfiyyət şəxsiyyəti - Səttar Bəhlulzadə!
   
   Məncə, bu ad-soyadın özü də xəyali bir portret təəssüratı yaradır...
   Səttarın kətan-“kitab”larındakılar peyzaj-qəzəllər, tablo-poemalar deyilmi?..
   Oxucu zövqdaşlarım, sizə də elə gəlmirmi ki, bu imzanın aurasında adamın gözünə təbiətin heç bir naturasında görünməyən görəcəklər görünür?
   Belədirsə, bunları göstərənin ruhuna qəni-qəni rəhmətlər, fəxri-fəxri kəlamlar!
   Və bu ad-soyadın doğurduğu təsəvvüfi-xəyali aləmə real fon kimi baxa bilənlərə haqq-salamlar!

   
   Qaldı bu işıqlı dünyaya yalnız aşiq-məşuq, ailə-övlad yaradıcılığı, o dünyaya son kimi baxanlar. Onlara da elə gəlməsin ki, bu qədər sənət zürriyyətlərinə şöhrət atası olan Səttar Bəhlulzadə sonsuz getdi bu dünyadan! Xeyr, mahiri-dünyagirlər, elə deyil. Kimin buna şəkki varsa, onun vəfalı-səfalı ömür yoldaşıyla - təbiətlə ixtilata girib, öyrənə bilər. Əlbəttə, əgər o əzəli-əbədi “gəlin-xanım”ın dilini Səttar bəyin bildiyinin mində biri qədər bilirsə. Onun çiçəyini-gülünü, dağını-daşını, ocaq-bucağını bu aşiqin yüzdə biri qədər sevirsə. Bu əzəmətli, təbii səltənətli məmləkətin cənnət guşələrini bu sənət qartalı kimi görürsə. Dəlisi olduğu, “eşq rəssamı, söz heykəltəraşı, fikir memarı” adlandırdığı Füzulisi kimi “rindü-şeydadır”sa, “Məcnundan füzun aşiqlik istedadı var”sa, “sonunda hicran görünür” deyə, “neylərəm ol vəsli ki...” nəfsinə malikdirsə...
   
   Səttar səyyahlığı
   
   Öncə balaca bir “sözçülük”. Belə ki, çörəyi-gərəyi canlı insanlarla ünsiyyətdən çıxan, adı-sanı yeni-yeni yerlər, toponimlər, kilkə-kilkə ölkələr, “yeni Amerika”lar kəşfində şöhrətlənən klassik səyyahlığın aborigen statusu məlum. Bəs, nə “işıq gələn, nə it hürən” tərəfləri olan sənət səyyahlığının haqqı necə? Naməlum?..
   Nağıl dili yüyrək olar, deyiblər. Yuxularında buta verilən, “altdan geyib üstdən, üstdən geyib altdan qıfıllanan” aşiqlərin öz məşuqları dalınca səfərlənmələrini bəyan edən telli sazlar, allı sözlər, güllü dastanları da xatırlayaq. Bəs, könül aynasında çeşnilənən çəmənlər, qönçələnib-xonçalanan gül-çiçəklər, tumurcuqlu budaqlar, poqquldaşan bulaqlar, şaqqıldaşan şimşəklər dalınca qoşub, o dilsiz aşiq-məşuqları əbədi muzey-düzey yarı edən milli aşiqin şəninə nə avazlar, nə sözlər, nə kəlamlar?..
   Xarakterlər, xasiyyətlər, zövqlər rəngarəngdir; zərifləriniz çox kövrəlməsin - “Kəpəzin göz yaşları” leysanlanar. Optimistlər çox zilə çıxmasın - “Suraxanı atəşgahı”ndan odlanarlar. Pessimistlər özlərini “Əbədi məşəllər” üstə kökləsinlər. Bu halətin surətpərəstləri, ayna-özgü-düzgü göyçəkləri, “ay qaşı-gözü qara”ları “Xəzər gözəli”nə baxıb, tellərini alayı cür yan darasınlar, yoxsa nimdaş görünərlər. Özlərini həyət-vətənə yox, Həyat-Vətənə həsr edən adaxlı cütlüklər “Qızılbənövşəyə gedən yol”la adaqlanıb, “Axşamçağı Ordubad bağlarında” əhd bağlayıb, “Qudyalçay vadisi”ndə kama yetib, qovuşsunlar. Bu sənətin sərxoşları “Şamaxı üzümlükləri”nə “Vətənimin baharı” mövsümü kimi göz yetirsinlər. Amma hərdən “Payız”sayağı baxsınlar, yoxsa, “ayılmaq təhlükəsi” yarana bilər. “Əncir ağacı”na “bu, təbiətdəkindən də canlıdır!” - deyə təəccüblənənlər heyrətlərini “Əfsanəvi torpaq” tablosuna nəql etsinlər. “Azərbaycan nağılı”ndan doymayanlar “Şahnabat” noğulundan dadsınlar. Vurğunluqdan qaşları tale yazılı alınlarına qalxanlar “Qayıqlar”da “Neft daşları”na tərəf üzüb, sənət təşnəliklərini söndürsünlər. “Əmircan”a özlərinin özəl bədii yurdu kimi baxan “xüsusiyyətçi” həmyerliləri “mənimdir!” - deyə ədalanmasınlar, yoxsa, biz də onların ladına düşüb badına gedibən, “Azərbaycan”ı “yek” sənətkar ölkəsi kimi seyr edər, bu total ümumbəşəri tərənnümçünü lokallaşdırıb “yalnız bizimdir!” - deyə, “çəpərplanetli”lər kimi nidalana bilərik. Beləliklə də onun Azərbaycan sərhədlərini çoxdan aşması, bütün dünyaya yol açmasıyla ilgili mənəvi portretimizə xələl gətirmiş olarıq...
   
   Seçkin sənətkar və şəxsiyyət

   
   Yazımın başlığında işlətdiyim “keyfiyyət şəxsiyyəti” epitetinə əlavədir bunlar. “Kəmiyyət-keyfiyyət” məsələsini xatırlamaqla, mətləbi uzatmamaq mümkün...
   “Seçkin” yazdım, seçki sözü unandı. Amma bu seçki - “məntəqə”lərsiz, “dairə”lərsiz, qutularsız olur. Bu seçkinin qalibləri normativ-platformativ “asfaltçəkən”, “körpüsalan”, alternativlərilə üz-göz olanlardan deyillər. Belələri başlarını aşağı salıb çalışır, yaradır, məhəlləsini, bölgəsini, ölkəsini yarıdırlar. Və sonda vətəndaş, yurddaş, soydaş çəkili başlarını yuxarı qaldırıb görürlər ki, baa, özlərini də yaradıb-yarıdıblar ki!..
   Filosofların nəzərlərindən iraq bir səfsəfə irad edim. Belə ki, həyatın hər sahəsinə aid olan bu məsələni də dissertasiyasız, akademiyasız bir elm hesab edənlər şəxsiyyət olur, helm hesab edənlər isə şəxs. Məsələn, “Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur - yer üzünü!” kimi mənzum-monoloqu zaman-aman dramatizmi ilə hayqıran mogikan Ərəblinskilər kim, “Bu gecə, bu qoca, bu cücə” kimi məzlum-monoloqu “zəhmət olmasa, əllər yuxarı” “xlam”atizmi ilə mızıldayan Kəbirlinskilər kim?..
   İstəyimcə çatdırıb-çatdırmayacağıma zəmanət vermədən deyim ki, ömrünün son illərində hərdən muzeylərdə, daha tez-tez isə asfalt-betonlu paytaxtımızın Filarmoniya bağı təbiətində gördüyümüz Səttar Bəhlulzadə biz tələbələrin gözündə “Bu qoca, bu xoca - çox uca” şəxsiyyət-portreti kimi obrazlaşmışdı. Çayxanada, yeməkxanada görünmürdü ki, stoluna stul çəkib söhbət edəsən. Saysız və müsbət mənada gözqamaşdırıcı əsərlərinə rəğmən bütöv bir izdiham kimi görünən bu eyzən tənhanı heç vaxt qoşa görmürdük ki, yanındakını üzümüzə qara verib, bu ciddidən ciddi persona ilə salamməlik şərəfinə nail olaq, “cansız” təbiətdən fərqli yanaşdığı cəmiyyət barədə, dostları haqda yalnız onun özünə məxsus tostlarını, replikalarını öz dilindən də eşidək.
   Məzən olsun, zamanının dillər əzbəri, dövrün hər türlü təhər-tövrü Bəhlulzadə! “Persona”, “dost-tost” ifadələri o vaxtlar səninlə bağlı dillərdə gəzən bir olayı xatırlatdı mənə. Məclislərin birində gözəl, başaşağı bir rəssamın qarasına qırılan qeybətə, demək olar, hamının qoşulduğunu görən sən şana barmaqlı əllərinlə havada “qədeşi” bir dairə cızıb: “Sizin hamuuzun beləsi belə!” - deyirsən. Məclis dağılır və özünü pilləkənlərdə sənə yetirən birisi: “- Qədeş, qədeş, yəni o söz mənə də aiddir?!” - deyə, incik-incik təkzibi-üzrxahlıq gözləyirkən: “Yox, səninkiləri personalnı!” - cavabını eşidir.
   Onun tez-tez araya-ortaya çıxan bənzərsiz əsərləri necə qəbul edilir, necə baxılır, səs-sorağı necə yayılırdısa, hərdən dediyi sözləri, atmacaları da elə oca məşhurlaşırdı. Onun qartalvari, qırğısayağı gözləri bizim gözlərimizdən iraq düşən nələri görürdüsə, fırçavari barmaqları onları dərhal “tovlayıb”-ovlayırdı.
   Onun sirli sir-sifətində bütöv bir cəmiyyət təbiəti bərqərar idi. Qaşları daim sənət hədəfinə tuşlanmış yaylar, uzun saçlarının rəngləri, fonar gözlərinin işığı, halət-siluet “qatışığı”nın şölələri ilahi bir palitra idi!..
   Sənətşünaslar, qəzet-jurnalçılar, kameramanlar onun yaradıcılığı ilə bahəm, xarakterindəki “işıq-kölgə” kontrastlarından, model-modul effektlərindən nə qədər yazıb-göstərsələr də, əsərləri bütün xalqın ürəyinə yatan bu sənətkar heç bir qarı qəlibə, quru ənənəviçilik tikən ipə-sapa yatmadı.
   Özü 15 yaşında rəssamlıq məktəbinə, 22 yaşında Azərbaycan Rəssamlıq Məktəbinə, 24-ündə Moskva Dövlət Rəssamlıq İnstitutuna, 32-sində Surikov adına Moskva Rəssamlıq İnstitutuna qəbullara hazır gedib ustad qayıtmış bu sənətkar istər məktəb, istər həyat auditoriyalarındakı tələbələrindən heç vaxt “əlifba” tələb etməyib. Onlara verdiyi dərslərin hər biri bir-birini əvəz edən “gələcək”lərdə bitkin əsərlərə çevrilib. Onun ağır-uğur davranışları sənət adamları üçün məclis-mərəkələrdə özünü necə aparmağın etiket nümunələri kimi qəbul edilib. Onun öz milli “ələk-vələk”lərindən keçirməklə yaratdığı impressionizm nümunələrinin bəziləri bu cərəyanla həmvətən olanların özlərini belə heyrətə gətirib...
   Və... bu gətirib, olunub, edilib, çevrilib, anılıb, sanılıbların harmoniyasından böyük sənətkarın bütöv bir şəxsiyyət obrazı da yaranıb!
   Qələm, fırça, tişə, kino və s. sənət obrazları ilə şəxsiyyət obrazlarının fərqindəyik yəqin, əfəndilər! Bu şəxsiyyət saysız-hesabsız yazılarda, kitablarda, filmoqrafik kadrlarda yaşamaqda. Zəngin irsi dünyanın möhtəşəm muzeylərini şərəfləndirməkdə. Xalq rəssamı, Azərbaycan Dövlət mükafatı laureatı kimi təltifatları bu xalqın adını, istedadını daha da şöhrətləndirib, ürəyini fərəhləndirməkdə.
   Və... Azərbaycan təbiətinin pozubilməz yazısını yazmış bu möhtəşəm müəllif haqda bu balaca yazı da nöqtələnməkdə...
   
   Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar