Oktyabrın 18-də “LN” incəsənət mərkəzində Azərbaycan Dövlət Rəsm Qalereyası və “Modern Bədii İstehsalat” MMC-nin birgə təşkilatçılığı ilə “Müstəqillik uşaqların gözü ilə” adlı gənc rəssamların sərgisi keçirildi. 18 Oktyabr - Müstəqillik Gününə həsr edilmiş sərgidə 5-18 yaş arası 32 rəssamın əl işi təqdim edildi.
   
   Açılış mərasimində çıxış edən incəsənət mərkəzinin əməkdaşı Minayə Dəyanətli və müəllimə Natəvan Hüseynova tədbirin təşkilinə dəstək verənlərə təşəkkür etdilər.
   Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov tədbirə qatılanları Müstəqillik Günü münasibətilə təbrik edərək gənc istedadlara hər zaman dövlət tərəfindən diqqət və qayğı göstərildiyini vurğuladı: “Dövlət Rəsm Qalereyası olaraq biz də gənc istedadların yaradıcı inkişafına dəstək vermək istəyirik. Bizim qalereyada Azərbaycanın dahi rəssamlarının kolleksiyası toplanıb. Düşünürəm ki, gənc rəssamların da rəsmlərinin muzeyini yaratmaq və bu işləri qorumaq lazımdır. İnanıram ki, bugünkü sərgilərin davamı olacaq. Uşaqların öz təfəkkürünü və ideyalarını ifadə etməsi üçün dövlətimiz hər bir şərait yaratmışdır. Biz də bu şəraitdən istifadə edərək onların inkişafına zəmin yaratmalıyıq. “LN” incəsənət mərkəzinə belə bir sərginin təşkilində yardımçı olduğuna görə təşəkkür edirəm”. Daha sonra sərgidə rəsmləri nümayiş olunan uşaqların valideynləri çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirdilər. Gənc rəssamlar fəxri diplomlarla təltif edildikdən sonra sərgi açıq elan edildi. Nümayiş olunan tablolar tamaşaçıların böyük marağına səbəb oldu.
   
   Lalə Azəri