Ölkəmizin Özbəkistandakı səfirliyinin ikinci katibi Səbuhi Əhmədov Daşkənddəki Milli İncəsənət Mərkəzində “Azərbaycan xalçaları Avropa və Rusiya rəssamlarının əsərlərində” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə Özbəkistanın tanınmış sənətşünasları, xalça ustaları, dizaynerlər, diasporumuzun fəalları iştirak ediblər.
Azərbaycan Milli Tarix, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeylərinin elmi materialları əsasında hazırlanan məruzədə göstərilib ki, hələ orta əsrlərdə dünyanın müxtəlif ölkələrinə aparılan Azərbaycan xalçaları XV əsrdən başlayaraq Qərbi Avropa rəssamlarının əsərlərində əks olunub.
Məruzəçi slaydlar vasitəsilə Xans Memlinq, Yan van Eyk, Domenika di Bartolo, Antonello de Messina, Karlo Krivelli, Pinturikyo, Domenika Morone, Hans Qolbeyn kimi dünya şöhrətli Avropa rəssamlarının əsərlərində təsvir olunan xalçalar haqqında məlumat verib. Məruzədə Rusiya rəssamları V.Vereşaqin, K.Qun, N.Qe, V.Polenov, K.Makovski və K.Lebedevin əsərlərində təsvir edilən Azərbaycan xalçaları barədə də söhbət açılıb, müvafiq reproduksiyalar göstərilib.
Sonra Heydər Əliyev Fondu tərəfindən çəkilmiş “Azərbaycan xalçaları” filmi nümayiş etdirilib. İştirakçılara Bakı, Təbriz, Qarabağ, Gəncə, Quba, Şirvan və Qazax xalça məktəbinə aid fotokitablar hədiyyə olunub.