Oktyabrın 27-də Bakıda "Art Garden" qalereyasında gürcüstanlı rəssam Nato Eristavinin fərdi sərgisi açılıb. Tədbirin təşkilindən məmnunluğunu bildirən xanım rəssam sərgidə özünün Azərbaycan xalqına münasibətini əks etdirən keramika əsərlərindən ibarət ekspozisiya təqdim etdiyini deyib: “Belə bir əfsanə var ki, güzgü insanların emosiyasını əks etdirir, sonra isə bu emosiya güzgüyə baxan növbəti insana keçir. Bu konsepsiya üzrə ilk sərgi Gürcüstanda keçiriləcək. Qərara aldım ki, gürcülərin təbəssümünü, xeyirxahlıq və emosiyalarını Azərbaycana gətirim. Ümid edirəm ki, işlər xoşunuza gələcək, çünki onlar xüsusilə Azərbaycan üçün hazırlanıb”. Sərgi noyabrın 3-dək davam edəcək.
   
   Lalə Azəri