Oktyabrın 31-də Çexiyanın Azərbaycandakı səfirliyində “Lidise-2012” Beynəlxalq uşaq incəsənət əsərləri sərgi-müsabiqəsinin 40-cı buraxılışının nəticələrinin elan olunması və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Səfir Radek Matula bildirib ki, sərgi-müsabiqə Çexiyanın Lidise kəndində 1942-ci ildə alman faşistləri tərəfindən qətlə yetirilmiş, eləcə də bütün dünyada hərbi münaqişələrdə həlak olmuş uşaqların xatirəsini yad etmək üçün 1967-ci ildə təsis olunub. Məşhur rəssam, kukla ustası, heykəltəraş, illüstrator, çex kukla və animasiya filmlərinin banisi İrji Trinkinin (1912-1969) anadan olmasının 100 illiyi şərəfinə sərgi-müsabiqənin 40-cı buraxılışı “Teatr-kukla-nağıl” mövzusuna həsr edilib.
Müsabiqəyə Çexiya və Slovakiya da daxil olmaqla, 67 ölkədən 26 mindən çox əsər göndərilib. 17 mindən çox xarici iştirakçısı olan bu sərgi-müsabiqədə peşəkar münsiflər heyəti 724 nəfəri mükafatlandırıb. Onlardan 122 nəfəri medalla təltif edilib.
Diplomat qeyd edib ki, Azərbaycanın gənc rəssamlarının bu sərgiyə marağı olduqca yüksəkdir. Sərginin 40-cı buraxılışında göndərilən eksponatların sayına görə Azərbaycan 65 ölkə arasında 12-ci olub. Bu il Azərbaycandan qeydə alınmış 481 əsərdən şəkil, rəsm, qrafika kateqoriyasında beş əsər mükafatlandırılıb. Onlardan dördü fəxri fərmana, biri isə müsabiqənin ən yüksək mükafatına - “Lidise qızılgülü” medalına layiq görülüb.
Müsabiqədə yer tutmuş bütün əsərlər bu il mayın 30-da açılmış Lidise Memorialının qalereyasında sərgidə nümayiş olunur. Oktyabrın 31-də başa çatan sərginin kolleksiyası bundan sonra Riqada, Vilnüsdə və digər şəhərlərdə nümayiş etdiriləcək.
Səfir bildirib ki, sərgi-müsabiqənin 41-ci buraxılışının mövzusu “Xalqımın ənənəsi və irsi” olacaq: “Azərbaycan öz tarixi və ənənəsi ilə zəngin bir ölkə olduğuna görə, inanıram ki, gənc azərbaycanlı rəssamlar üçün bu mövzu maraqlı və cəlbedici olacaqdır. Müsabiqədə iştirak etmək istəyənlər əsərlərini 2013-cü il martın 15-dək səfirliyə təqdim etməlidirlər”.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva iştirakçıları salamlayaraq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi adından Çexiyanın Lidise şəhərində keçirilən Beynəlxalq Uşaq İncəsənət Sərgisinin təşkilatçılarına, Lidise Memorialına, Çexiyanın Mədəniyyət, Təhsil, Gənclər və İdman nazirliklərinə, UNESCO üzrə Çexiya komissiyasına, Çexiyanın ölkəmizdəki səfirliyinə dərin minnətdarlığını bildirib.
1992-ci ildə Xocalı əhalisinin də, Lidise sakinləri kimi oxşar faciəli tale yaşadığını nəzərə çatdıran nazir müavini Lidise soyqırımı qurbanlarının xatirəsinin Azərbaycanda ehtiramla yad edildiyini deyib. Qeyd olunub ki, Qarabağ müharibəsinin dəhşətlərini görmüş, Xocalı soyqırımının şahidi olmuş azərbaycanlı uşaqlar öz əl işləri ilə Lidisedə həlak olmuş uşaqların xatirəsini yad edir, müharibə əleyhinə öz etirazlarını bildirirlər.
Nazir müavini qeyd edib ki, bu cür sərgilərin təşkili Azərbaycan və Çexiya xalqları arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir və bu ənənə gələcəkdə də davam etdirilməlidir.
Sonda qaliblərə mükafatlar təqdim olunub.