Noyabrın 10-da Nizami Kino Mərkəzində Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan “YARAT!” qeyri-kommersiya təşkilatının birinci “012 Bakı Public Art Festivalı”nın bağlanış mərasimi keçirilib.
   
   Tədbiri açan “YARAT!” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova fevral ayından başlayaraq Azərbaycanda reallaşdırılan layihə barədə danışıb. Qeyd olunub ki, layihədə iştirak edən rəssamlar festival zamanı əsərlərini şəhərin müxtəlif məkanlarında ictimaiyyətin diqqətinə təqdim ediblər. Bir incəsənət layihəsi olaraq “012 Bakı Public Art Festivalı” əvvəllər müasir incəsənətlə heç bir əlaqəsi olmayan insanları cəlb etməyi bacarıb. Həm də axı rəssamın yaradıcılıq “mətbəxi” ilə tanış olmaq, yaradıcılıq prosesini müşahidə etmək həddindən artıq maraqlıdır. Aida Mahmudovanın sözlərinə görə, növbəti ilin fevral ayında “YARAT!” qeyri-kommersiya təşkilatı tərəfindən yeni bir layihənin həyata keçirilməsi nəzərdə tutulub. Həmin layihədə müəyyən qədər mövzu və ad dəyişikliyi ola bilər, lakin ideya dəyişməz qalacaqdır.
   Sənətşünas və rəssam Teymur Daimi “012 Bakı Public Art Festivalı” haqqında geniş məlumat verib. Bildirilib ki, festival çərçivəsində təqdim olunan əsərlər zamanla səsləşir. Layihə intellektuallıq baxımından da diqqəti cəlb edir. İştirakçı rəssamlar təkcə əsərlərinin təqdimi üçün buranı seçməmiş, həm də bu məkanın tarixi ilə bağlı araşdırmalar aparmışlar. Rəssamlar öz əsərlərini daha açıq məkanda, geniş şəkildə təqdim edərək, qalereyaların və muzeylərin müəyyən məhdudiyyətlərindən azad olaraq tam yaradıcılıq sərbəstliyi əldə etmişlər.
   Tədbirdə gənc rejissor Rüfət Həsənovun festival haqqında çəkdiyi sənədli film nümayiş olunub. Filmdə incəsənət layihəsinin bütün mərhələləri əksini tapıb. Qeyd edək ki, on ay davam edən “012 Bakı Public Art Festivalı”nda həm tanınmış, həm də yeni fəaliyyətə başlayan 21 rəssam iştirak edib.
   Filmin nümayişindən sonra Baş nazirin müavini Elçin Əfəndiyev çıxış edərək “012 Bakı Public Art Festivalı”nın əhəmiyyətindən danışıb. Bildirib ki, festivalın üzərindəki aurada böyük bir gənclik, yenilik, yaradıcılıq ehtirası, sərbəstlik, sərhədsizlik, intəhasızlıq vardır. Sərbəstlik, müstəqillik, gənclik, istedad olan yerdə isə, şübhəsiz, müsbət emosiyalar aşılanır. Belə bir aura öz-özünə deyil, gərgin əməyin nəticəsində yaranıb. Bu məqamda “YARAT!” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudovanın və bütün yaradıcı kollektivin əməyini xüsusi qeyd etmək yerinə düşər. Baş nazirin müavini festivalda iştirak edən 21 rəssamın yaşından asılı olmayaraq, hamısında gənclik ehtirası olduğunu qeyd edərək onlara uğurlar arzulayıb.