Noyabrın 16-da Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində tanınmış rəssam, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi, Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki Rəşad Mehdiyevin əsərlərinin sərgisi açıldı. Sərgidə rəssamın rəngkarlıq və qrafika janrlarında çəkdiyi 20-yə yaxın əsər nümayiş olunur. Sərgi noyabrın 25-dək davam edəcək.
Tədbirdə çıxış edən Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin bildirdi ki, Rəşad Mehdiyevi Rusiyada yaxşı tanıyırlar: «Rəssamın əsərləri rusiyalı tamaşaçılar tərəfindən sevilir. Və biz də onun sərgisində iştirak etməkdən məmnunluq hissi keçiririk».
Azərbaycan Rəssamlıq Akademiyasının rəngkarlıq kafedrasının müdiri Namiq Məmmədov Rəşad Mehdiyevin bu günə qədər keçirilən fərdi sərgiləri barədə məlumat verdi. Qeyd olundu ki, Rəşad Mehdiyev 2002-ci ildə TÜRKSOY tərəfindən Türkiyənin Çanaqqala şəhərində təşkil edilmiş “Çanaqqalanın göz yaşları” müsabiqəsinin qalibi olub. O, yeganə azərbaycanlı rəssamdır ki, 2006-cı ildə BMT-nin Vyanadakı Avropa ofisində əsərlərinin sərgisi keçirilib. 2012-ci ildə rəssam bənzərsiz milli koloritli əsərlərinə görə Rusiyanın “Vera” (“İnam”) ictimai fondunun mükafatına layiq görülüb.
Qeyd edək ki, Rəşad Mehdiyevin işləri dünyanın müxtəlif ölkələrində şəxsi və dövlət kolleksiyalarında saxlanılır.
Mehparə