Noyabrın 29-da Bakıda əlillərin VIII Ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsi başlayıb. Tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, Milli Məclisin deputatı Qənirə Paşayeva, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak ediblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, Azərbaycan Rəssamlar İttifaqı ilə sıx əməkdaşlıq şəraitində təşkil edilən sərgi-müsabiqədə respublikanın müxtəlif bölgələrindən 125 nəfər əlilliyi olan şəxsin və 20 nəfər sağlamlıq imkanları məhdud uşağın 500-ə yaxın əl işi (rəsm, toxuma, hörmə, bədii tikmə, ağac üzərində iş, dulusçuluq və s.) təqdim olunacaq.
Dekabrın 1-dək davam edəcək sərgi-müsabiqənin qalibləri, habelə sərgidə əl işi ilə fərqlənən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar mükafatlarla təltif olunacaqlar.