Noyabrın 28-də müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, SSRİ-nin və Azərbaycanın Dövlət mükafatları laureatı, SSRİ Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü Tahir Salahovun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən ev-muzeyində sənətkarın yaradıcılığına və ictimai fəaliyyətinə həsr olunmuş sərgi açılıb.
   Ev-muzeyində Tahir Salahovun Azərbaycan dövlətinə bağışladığı rəsm əsərlərindən və şəxsi arxivindən ibarət kolleksiya nümayiş olunur. Muzeyin kolleksiyasında 700-dən artıq eksponat var.
   Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini Samir Nuriyev, Xalq rəssamı Fuad Salayev, muzeyin direktoru Səadət Mirzəyeva və başqaları çıxış edərək ev-muzeyin yaradılmasından və onun qarşısında duran vəzifələrindən danışıblar.
   Bildirilib ki, Tahir Salahovun ev-muzeyinin yaradılması haqqında Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq mühüm işlər görülüb və 2013-cü ildə sənətkarın 85 illik yubileyi günlərində muzeyin rəsmi açılışı planlaşdırılır.
   Tahir Salahovun öz yaradıcılığının bütün qiymətli nümunələrini və arxivini dövlətə təmənnasız hədiyyə etmək arzusu müdrik addım kimi dəyərləndirilib.
   Ev-muzey istifadəyə verildikdən sonra paytaxt sakinləri ilə yanaşı, şəhərimizə gələn hər bir qonaq burada böyük sənət fədaisinin bənzərsiz sənət inciləri ilə yaxından tanış olmaq imkanı əldə edəcək.
   Tahir Salahovun dünyanın mötəbər muzeylərində və qalereyalarında saxlanılan, müxtəlif sərgilərdə nümayiş etdirilən tabloları çoxəsrlik ənənələrə malik Azərbaycan incəsənətinin şöhrətini yüksəklərə qaldırıb. Çıxış edənlər Tahir Salahovun ad günü ərəfəsində belə bir tədbirin keçirilməsinin əhəmiyyətindən, rəssamın təkrarolunmaz yaradıcılığından danışıblar.
   Tahir Salahovun bacısı, Miniatür Kitab Muzeyinin yaradıcısı və rəhbəri Zərifə Salahova ev-muzeyin yaradılmasına görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar