Türkiyənin “Anadolu” qəzetində Yeni Azərbaycan Yardımlaşma və Mədəniyyət Dərnəyinin rəhbəri, professor Əflatun Nemətzadənin “İçində fırtınalar qopan fitri istedad: Məryəm Ələkbərli» adlı maraqlı məqaləsi dərc olunub. Məqalə istedadlı azərbaycanlı rəssamın sənətindən, yaradıcılıq məziyyətlərindən bəhs edir. “O, rənglərlə sanki “uşaq oyunu» oynayırmış kimi əylənir, içindəki duyğuları beləcə nümayiş etdirir. Rənglərin qovuşması onun ən çox sevdiyi əyləncədir və o, istədiyi mövzunu məharətlə yarada bilir”, - deyə müəllif bildirir.
   Məqalədə Avropa sənət tarixçilərindən Paris Müasir Sənət Universitetinin professoru Thierry Dufrene, Berlin Sənət Akademiyasının müəllimi İnge Şmidtin gənc rəssam haqqında söylədikləri dəyərli fikirlər də yer alıb. Bildirilir ki, Məryəmi daha öncə heç tanımayan və kataloqunu görüb təsirlənən İnge Şmidt Azərbaycana gəlir və Məryəmin orijinal əsərlərini öz gözləri ilə gördükdən sonra heyranlığını ifadə edir.
   Müəllif yazır: “Məryəm Ələkbərli çox gənc bir fitri istedaddır. Amma yaşından çox dərin düşünən bir ruha sahibdir. Yolun açıq olsun, Məryəm. Sən sadəcə yeni-yeni əsərlər yarat, fırçanı əlçatmaz zirvələrə qaldır. Zərif barmaqlarının önündə baş əyirəm».
   
   Mehparə