Dekabrın 11-də Azərbaycanda Çin Xalq Respublikasının Mədəniyyət Günləri çərçivəsində Milli İncəsənət Muzeyində “Əlvan fırçalarla boyanmış İpək Yolu” adlı sərgi açıldı.
   Tədbiri muzeyin direktoru Çingiz Fərzəliyev açaraq qədim Çin mədəniyyəti haqqında danışdı. Sərginin iki xalqın mədəni əlaqələrinə xidmət etdiyini vurğuladı.
   Çinin ölkəmizdəki müvəqqəti işlər vəkili Tszyao Xuaysin iki ölkə arasında əməkdaşlığın inkişafının əhəmiyyətini qeyd etdi: “Son illər iki xalq, dövlət arasında mədəni əlaqələrin inkişafı böyük perspektivlər vəd edir. Əminəm ki, bu sərgi Azərbaycana Çini tanımağa, xalqlarımız arasında mədəni bağları möhkəmləndirməyə xidmət edəcək”.
   Çinin Şansi əyaləti hökumətinin rəsmisi təmsil etdiyi şəhərin qədim və zəngin mədəniyyəti olduğunu, ziyarətçilərin sərgidən xoş təəssüratla ayrılacaqlarına əminliyini bildirdi.
   Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev nümayiş olunan əsərlərlə tanış oldu, sərginin xatirə kitabına ürək sözlərini yazdı.
   Sərgidə qoxua (sulu boya və tuş) texnikasında işləyən 18 rəssamın, yağlı boya texnikasında çalışan 16 tanınmış fırça ustasının 34 əsəri nümayiş olundu. «Tacik rəqsi», «Türk yel dəyirmanları», «Hindistanda kəhrəba rəqsi», «Knos sarayının səhəri», «İsti qış» və s. rəsmlər maraqla qarşılandı.
   «Əlvan fırçalarla boyanmış İpək Yolu» layihəsi ilə əlaqədar olaraq 100-ə yaxın çinli rəssam qədim paytaxt Çanandan yola düşərək uzun İpək Yolunu yenidən keçmiş, yol boyu olduqları ölkələrin tarixinə, məişətinə, təbiətinə dair əsərlər yaratmışlar. Bu tədbir çinli rəssamların son illərin ən irimiqyaslı, uzun, ən geniş və ən əhəmiyyətli layihəsi olmuşdur.
   Sərgi dekabrın 14-dək davam edəcək.

   Aliyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar