“Alüminium” V Beynəlxalq Müasir İncəsənət Biennalesində 17 ölkədən sənət adamları iştirak edir
   
   Paytaxtımız növbəti beynəlxalq sənət bayramına ev sahibliyi edir. Dekabrın 11-də Muzey Mərkəzində “Alüminium” V Beynəlxalq Müasir İncəsənət Biennalesinin açılış mərasimi oldu.
   
   Mərasimdən əvvəl keçirilən mətbuat konfransında biennalenin direktoru, Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov bildirdi ki, artıq 5-ci dəfədir ki, təşkil edilən sərgi ənənə halını almaqla dünyanın bir çox məşhur sənət adamlarını özünə cəlb edib: “Biz də bu diqqəti və marağı nəzərə alaraq tədbiri daha da genişləndirmişik. Budəfəki sərgini Mədəniyyət və Turizm Nazirliyi, “Yarat!” Müasir İncəsənət Məkanı, Azərbaycan Rəssamlar İttifaqı birgə təşkil edib”.
   Biennalenin kuratoru Dilarə Vahabova qeyd etdi ki, sənət adamı üçün zamanın simasını görmək önəmlidir: “Builki sərginin mövzusu “Zamanın simaları” adlanır. Məsələ təkcə personajlarda deyil, bütünlükdə zamanı əks etdirməkdədir. Sərgiyə işlərini təqdim edən sənətçilərin əsərlərində həm bu günün, həm də sabahın əksini görmək mümkündür. Dekabrın 11-dən 16-dək davam edəcək Bakı biennalesində müxtəlif ölkələrdən rəssamlar, sənətşünaslar və kuratorlar iştirak edir. Tədbirə Rusiya, Türkiyə, Gürcüstan, Litva, Almaniya, ABŞ, Norveç, İspaniya, Mərakeş, Fransa və s. ümumilikdə 17 ölkədən incəsənət adamları qatılıb. Təqdim olunan bir çox işlər, demək olar ki, ilk dəfədir sərgilənir”.
   Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov belə tədbirlərin ölkələr arasındakı sənət mübadiləsinə xidmət etdiyini vurğuladı, sərgidə iştirak edən sənət adamlarına gələcək işlərində uğurlar dilədi.

   Müasir incəsənətimizin təbliğinə töhfə
   
   Mətbuat konfransından sonra biennalenin rəsmi açılışı keçirildi. Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2003-cü ildən etibarən Bakıda hər iki ildən bir keçirilən “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesinin artıq ənənəyə çevrildiyini və paytaxtımızın növbəti sənət bayramına ev sahibliyi etdiyini bildirdi. Qeyd olundu ki, son illər müasir incəsənət Azərbaycanda yaradıcılıqla məşğul olan insanların diqqətini cəlb edir. Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirən nazir vurğuladı ki, Fondun xətti ilə Azərbaycanda və xarici ölkələrdə həyata keçirilən tədbirlər ölkəmizin və mədəniyyətimizin tanınmasında, təbliğində mühüm əhəmiyyət kəsb edir. Nazir son vaxtlar “YARAT!” Müasir İncəsənət Məkanının mədəniyyətimizin təbliğinə və inkişafına verdiyi töhfələri də xüsusi qeyd etdi: “Belə tədbirlər ölkəmizdə ənənəvi incəsənətlə yanaşı, müasir sənətin inkişafı haqqında beynəlxalq nüfuza malik olan mütəxəssislərdə ətraflı təsəvvür yaradır, həm əcnəbi, həm də yerli sənət adamlarına yeni yaradıcılıq impulsu verir. Builki “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesində geniş proqramla 50-dən çox müəllifin əsəri sərgilənir. Çalışmaq lazımdır ki, müasir incəsənətin müxtəlif növlərini ölkəmizə gətirək”.
   Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov qeyd etdi ki, Bakı biennalesi beynəlxalq sənət məkanında öz yerini tutub. Burada ilk dəfə iştirak edən rəssamlarımız sonradan müxtəlif xarici ölkələrdəki nüfuzlu beynəlxalq sərgilərdə uğurla çıxış ediblər. F.Xəlilov bildirdi ki, layihənin gerçəkləşməsində məqsəd Azərbaycan müasir incəsənətini tanıtmaq, eləcə də ölkəmizdə müasir incəsənətin inkişafının təbliği və rəssamların yaradıcılığının dəstəklənməsidir.
   Çıxışlardan sonra “Alüminium” V Beynəlxalq Müasir İncəsənət Biennalesinin ilk sərgisinə baxış keçirildi.
   Dekabrın 16-dək davam edəcək sənət bayramı çərçivəsində Bakı şəhərindəki 15 qalereyada sərgilər təşkil olunacaq.
   
   Reyhan İsayeva