Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin əməkdaşları Naxçıvan şəhərindəki Bəhruz Kəngərlinin muzeyində rəssamın bəzi əl işlərini bərpa ediblər. Mərkəzin direktoru Zərifə Məlikova, qrafika üzrə bərpaçı rəssam Xatirə Tağıyeva və rəngkarlıq üzrə bərpaçı rəssam Xumar Əliyeva bununla bağlı dekabrın 3-dən 7-dək muxtar respublikada olublar.
   Bu barədə məlumat verən Z.Məlikova bildirdi ki, muzeydə rəssamın 57 əsəri mühafizə olunur: “Onlardan bəzilərinin bərpaya ehtiyacı olması nəzərə alınaraq Mədəniyyət və Turizm Nazirliyinə müraciət olunmuşdu. Bərpaya ehtiyacı olan 9 eksponatdan 6-sı qrafika əsəri, 3-ü təsviri incəsənət əsəri idi. Onlardan 6-sı muzey şəraitində mərkəzin əməkdaşları tərəfindən uğurla bərpa olundu. Digərləri daha mükəmməl bərpa üçün müvafiq icazə alındıqdan sonra Bakıya gətirildi. Onların üzərində hazırda iş aparılır və proses yekunlaşandan sonra Naxçıvana göndəriləcək”.
   Z.Məlikova bərpa prosesi zamanı əsərlərdən birinin arxasında digər rəsmin aşkarlandığını da dedi: “Bəhruz Kəngərlinin portret janrında çox maraqlı işləri var. Biz orada olarkən görkəmli rəssamı özümüz üçün yenidən kəşf etdik. Bərpa prosesi zamanı demontaj işi aparılarkən rəsmin arxasında şəkil aşkarladıq. Öndəki rəsm qara tuşla, arxasındakı rəsm isə boya ilə çəkilmişdi”.
   Mərkəzin əməkdaşları Naxçıvanda xalça, tarix muzeyləri, rəsm qalereyası və Hüseyn Cavidin ev-muzeyinin fond və ekspozisiyalarında da olublar. Muzey işçilərinə eksponatların təlimata uyğun olaraq saxlanması, bərpaya ehtiyacı olan eksponatlarla davranış qaydaları haqqında tövsiyələr verilib.
   
   Ceyhun Zərbəliyev