“Təhsil” nəşriyyatında işıq üzü görən “XX əsr Azərbaycan incəsənəti haqqında oçerklər” kitabında təsviri sənət dünyamızın ən görkəmli nümayəndələri - Bəhruz Kəngərli, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov, Toğrul Nərimanbəyov və digər məşhur rəssam və heykəltəraşlarımız haqqında dolğun və ətraflı məlumatlar toplanıb.
   AMEA-nın dissertantı, Rəssamlar İttifaqının üzvü, sənətşünas Əsəd Quliyevin müəllifi olduğu topluda hər bir rəssamın həyat və yaradıcılığı, əsərlərinin səciyyəvi xüsusiyyətləri və təhlili barədə müfəssəl məlumatlar yer alıb. Kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr edilib. Nəşrin elmi redaktoru sənətşünaslıq doktoru, professor Kübra Əliyevadır.
   Xalq rəssamı, akademik, Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov kitaba yazdığı “Ön söz”də nəşri incəsənət tariximizin təbliğinə töhfə kimi qiymətləndirib.
   Kitab qalereya və muzey işçiləri, rəssamlar, sənətşünaslar, tələbələr, eləcə də Azərbaycan incəsənəti ilə maraqlananlar üçün maraqlı olacaq. Dekabrın 17-də Rəssamlıq Akademiyasında kitabın təqdimatı keçiriləcək.