“Alüminium” V Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində daha bir layihə dekabrın 12-də “LN Art” İncəsənət Mərkəzində təqdim edildi.
   
   Mərasimdə ilk olaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının doqquzuncu ildönümü ilə əlaqədar xatirəsi yad edildi. Mədəniyyət və Turizm Nazirliyi Təsviri və dekorativ sənət sektorunun müdiri, biennalenin direktoru Qalib Qasımov böyük öndərin Azərbaycan incəsənətinin inkişafında, dünyada tanınmasında tarixi xidmətlərindən danışdı.
   Sonra layihələri təqdim olunan müəlliflər öz işləri barədə məlumat verdilər.
   Sərgidə Kamal Babayev, Fəqan Qasımov, Mehdi Abbasov, Marta Ramazanova, Nata İbrahimova, Ela Ganda Bogdanienenin (Litva) əsərləri nümayiş olunurdu.
   Litvalı iştirakçının «Yuxun şirin olsun, Yudita» adlı instalyasiya işi diqqəti cəlb edirdi. Yundan hazırlanmış yastıqcalar üzərində yundan hazırlanmış kəsik başlar, eyni yumşaq materialdan iynə ilə forma verilmiş insan bədəni. Müəllif sərt təəssürat yaradan əsərin əsas konsepsiyasının iki qədim əfsanədən götürüldüyünü dedi:
   - Bu iki tarixçənin biri «Yudit və Holofern» adlanır. O biri isə «Solomeya və Yuan Baptist» mifidir. Hər iki əfsanədə qadın kişinin başını kəsib. Yudita dul qadındır və onun ölkəsinə hücum edən assurların ordu başçısı Holoferni qətlə yetirib. O, uşaqlarını, mühasirədə olan vətənini qorumaq üçün başçının çardağına getmiş, onu yuxu dərmanı ilə yuxuya vermiş və qətlə yetirmişdir. O, qəhrəmanlıq simvoludur.
   Solomeyanın əhvalatı isə fərqlidir. O, yeniyetmə qızdır, Yuana vurulub və sonra qız sanki oyuncaqla əylənirmiş kimi onun boynunu vurdurub. Bu bir mənəviyyatsızlıq barədə əhvalatdır. Bu barədə hətta Oskar Uayldın pyesi var.
   İşlərimin mövzusu hansısa süjet və ya əhvalatla bağlı olsa da, insanın öz-özümü araşdırmaq, öyrənmək xarakteri kəsb edir. Öz hisslərimi, dəyərlərimi bilmək və özümü dəyişmək istəyi bu prosesə hakimdir.
   Fəqan Qasımovun “Relax” adlı bürünc memarlıq nümunələri sərgiyə xüsusi bir estetik zövq qatırdı. Müəllifin dediklərindən:
   - Hər bir əsəri yaradarkən əsas onu təxəyyüldə canlandırmaq, bu formanı beyində düşünüb tapmaqdır. Belə işləmək bir ay çəkir. Adını «Relax» qoymuşam. Bu işlər insanın rahatlandığı, sərbəst olduğu bir halın rəsmidir. Bu hal üçün belə forma tapmış və onu heykəldə canlandırmışam. Seyrçilərə bu halı hiss etdirmək istəmişəm. Bilmirəm, necə qəbul edəcəklər, amma məncə, buna yaxınlaşmışam.
   Mehdi Abbasovun sovet məktəbliləri, pionerlərdən bəhs edən fotoları isə biennalenin mövzusuna uyğun olaraq keçmişlə bu gün arasındakı insanları göstərir. Bir qədər nostalji bu dövrləri yaşamış insanlara keçmişi xatırlamağa kömək edir. Bu günün orta nəslinə o fotodakıların qatqısı necə təsir edib? Bu, tamaşaçının fotolar qarşısında öz-özünə verdiyi sualdır.
   Nata İbrahimovanın rəsm işləri illüstrasiya janrında maraqlı nümunələr idi. Bu obrazlar müasir texnologiyalarla, virtual və reallıqla toqquşmuş insanın obrazları idi.
   Sərgidəki layihələr tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.
   
   Aliyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar