Fırça ilə səpilən, rənglərlə suvarılan, ilhamla göyərdilən qəlb təbiəti...
   
   Lütfən, aşağıdakı daha “psixo”-idiomatik ibarəmə nisbətdə adi hesab etdiyim yuxarıdakı üç “əməl”-feli dırnaq işarəsi içərisinə almamağım nəzərə alınsın.   
   Azərbaycan təbiətini hamıdan yaxşı, hər kəsdən gözəl-özəl çəkmiş bu sənətkarın adını çəkmək, bu dünyaya gəlim-gedim tarixçələrini göstərmək - su içimi kimi bir iş-peşə. “1909-cu il 15 dekabrda doğulmuşdur” (və ya dünyaya gəlmişdir) yazırsan, iş bitir, peşə icra olunmuş olur. Amma hər halda adamın (xüsusən bəndəniz kimilərinin) ürəyində belə bir ikili maraq da doğulur: həmin ilin bu ayının tən ortasında doğulmuş bu - cəmiyyət içrə “qərib”, təbiət üzrə qəribə varlıq anadanmı olmuşdur, ya təbiətdənmi?..
   
   O, təbiətimizin fırça şairi idi. Onun “əyri-üyrü” xətləri, çalın-çarpaz cizgiləri, rəngbərəng səma-çətirləri poeziya sətirləri, şeir misralarıdır. İşıq-kölgə fəndləri qoşma-gəraylı bəndləridir. Kətan-“kitab”larındakılar peyzaj-qəzəllər, tablo-poemalardır. Məncə, onun ad-soyad çəkimi də bir “əlif-bey” portreti təsiri bağışlar: (əlbəttə) Səttar Bəhlulzadə!..
   Bu imza aurasında sizin də gözlərinizə təbiətin heç bir naturasında görmədiyiniz görəcəklər görünmədimi? Bu ad-soyadı həmin əfsanəvi-xəyali aləm fonunda real portret kimi görə bilənlərə -
   
   Salam olsun!
   
   Salamdan sonra, valideynlik sevincilə yaşayanlar - bu dünyaya yalnız ailə-övlad yaradıcılığı, o dünyaya son kimi baxanlar da elə bilməsinlər ki, bu qədər sənət zürriyyətlərinə şöhrət atası olan Səttar Bəhlulzadə sonsuz getdi bu dünyadan! Kimin buna şəkki varsa, onun vəfalı-səfalı ömür yoldaşıyla - təbiətlə qonuşub-soruşa bilər. Əlbəttə, əgər bu əzəli-əbədi “gəlin-xanım”ın dilini Səttar ər-bəyin bildiyinin mində biri qədər bilirsə. Onun çiçəyini-gülünü bu aşiqin yüzdə biri qədər sevirsə. Bu dünya cənnətinin yaxın-uzaq guşələrini bu sənət qartalının gözləri kimi görürsə. Dəlisi olduğu, “eşq rəssamı, söz heykəltəraşı, fikir memarı” adlandırdığı Füzulisi kimi “rindü-şeydadır”sa, “Məcnundan füzun aşiqlik istedadı var”sa, “sonunda hicran görünür” deyə “neylərəm ol vəsli” nəfsinə malikdirsə...
   Müasir qələm ustadlarımızdan biri - “ömrü boyu tufan əyib, su yarmış” şair “ana-bacısından gizlətdiyini kağız-qələmdən gizlətmədiyi” kimi, bu sənət səyyahı, zinət səyyadı da qıza-qadına yönəlik hiss-həyəcanlarını - bir az da artıq eşqlə, daha “bir köynək” yaxın, beş göynək artıq məhəbbətlə sevdiyi kətan-canan gözəllərə həsr etdi. Bu səyyah-səyyadlıq isə özgə bir aləm!..
   Adı-sanı, çörəyi-gərəyi canlı insanlarla ünsiyyətdən çıxan, “təzə” kilkə-ölkələr, “tapmaca” toponimlər, “yeni” Amerikalar kəşfində şöhrətlənən klassik səyyahlığın aborigen haqqı məlum. Bəs bu sənət səyyahlığının haqqı necə? Bir az bəlli, bir az naməlum...
   “Söz sözü çəkər” deyiblər (yəni, bir efir-ekran ritorikasıyca desək, “tamam yox, davam”)...
   Yuxularında butalanan, “altdan geyib üstdən, üstdən geyib altdan qıfıllanan” aşiqlərin öz məşuqları dalıyca səfərlənmələrini bəyan edən telli sazlar, allı sözlər, güllü dastanlar. Bəs, hörmətli oxucu-tamaşaçılar, bəs, könül aynasında çeşnilənən çəmənlər, qönçə-xonçalanan gül-çiçəklər, tumurcuqlanan budaqlar, poqquldaşan bulaqlar, şaqqıldaşan şimşəklər dalınca qoşub, o milli məşuqları əbədi muzey-düzey yarı edən aşiqə nə avazlar, nə sözlər, nə kəlamlar?..
   
   Diqqət!
   
   ...Riqqətə gəlmiş zəriflər çox kövrəlməsin - “Kəpəzin göz yaşları” leysanlanar. Optimistlər çox zilə çıxmasın - “Suraxanı atəşgahı”ndan odlanarlar. Pessimistlər özlərini “Əbədi məşəllər” üstə kökləsinlər. Bu halətin göyçəkləri, “ay qaşı-gözü qara”ları “Xəzər gözəli”nə baxıb, tellərini yan darasınlar. Özlərini “həyət-vətən”ə yox, Həyat-Vətənə həsr edən cütlüklər “Qızılbənövşəyə gedən yol”la adaqlanıb, “Axşamçağı Ordubad bağlarında” əhd bağlayıb, adaxlansınlar, “Qudyalçay vadisi”ndə bir-birinə qovuşsunlar. Bu sənətin sərxoşları “Şamaxı üzümlükləri”nə “Vətənimin baharı” mövsümü kimi göz yetirsinlər - “Payız”sayağı baxsalar, ayılmaq təhlükəsi yarana bilər. “Əncir ağacı”na: “bu, təbiətdəkilərdən də canlıdır!” - deyə təəccüblənənlər heyrətlərini “Əfsanəvi torpaq” tablosuna səpsinlər. “Azərbaycan nağılı”nın məna-mənəvi qidasından doymayanlar “Şahnabat” noğulundan dadsınlar. Vurğunluqdan qaşları tale yazılı alınlarına qalxanlar “Qayıqlar”da “Neft daşları” sarı üzüb, sənət təşnəliklərini söndürsünlər. “Əmircan”a özlərinin ikinci ana yurdu - bədii sənət obası kimi baxan həmyerliləri bu total milli tərənnümçünü lokallaşdırıb “mənimdir!” nidası ilə ədalanmasınlar. Nədən ki, bu bütöv azərbaycanlının “Azərbaycan” adlı da sənət ölkəsi var ki, - digər şedevrlərilə birgə - coğrafi Azərbaycanın sərhədlərini çoxdan aşıb dünyaya yol açmış, vətənimizi bütün dünya xəyalatında peyzajlaşdırmış, portretləşdirmiş, tablolaşdırmış...
   
   Əbədi seçkinlik
   
   Səttar Bəhlulzadə hər zaman, hər gələcək möcüzəyaradanlar dövründə də seçiləcək. Bu seçki - “məntəqə”lərsiz, “dairə”lərsiz, qutularsız məsələ-mətləbdir. Bu seçkinin qalibləri normativ-platformativ “asfaltçəkən”, “körpüsalan”, korporativləşmə eşqilə alternativlərilə üz-göz olanlardan deyillər. Onlar başlarını aşağı salıb çalışa-çalışa yaradır, yaradır, öncə məhəlləsini, ardıyca bölgəsini, sonca ölkəsini yarıdırlar. Və lap axırda vətəndaş, yurddaş, soydaş çəkili başlarını yuxarı qaldırıb görürlər ki, baa, özlərini də yaradıb-yarıdıblar ki!..
   Cəmiyyət həyatının hər sahəsinə aid olan bu məsələni də elm hesab edənlər şəxsiyyət olur, helm hesab edənlər isə şəxs. Məsələn, “Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur - yer üzünü!” mənzum-monoloqu zamanizm dramatizmi ilə hayqıran mogikan Ərəblinskilər kim, “Bu gecə, bu qoca, bu cücə” məzlum-monoloqu “zəhmət olmasa, əllər yuxarı” “xlam”atizmi ilə söyləyən maneken Kəbirlinskilər kim?..
   Qədər-qəbilincə çatdırıb-çatırmayacağıma zəmanət vermədən deyim ki, ömrünün son illərində hərdən muzeylərdə, daha tez-tez isə asfalt-betonlu paytaxtımızın “Filarmoniya bağı” təbiətində gördüyüm Səttar Bəhlulzadə biz tələbələrin gözündə “Bu qoca, bu xoca, bu uca” şəxsiyyət-portreti kimi obrazlaşmışdı. Pir olmuş hərdənbir də çayxanada, ucuz yeməkxanada-zadda görünmürdü ki, stoluna stul çəkib söhbət edəsən. Heç vaxt qoşa görmürdük ki, yanındakını üzümüzə qara verib, bu ciddidən ciddi persona ilə salamməlik şərəfinə nail olasan, təbiətdəkilərdən çox fərqli yanaşdığı cəmiyyət dostları haqda yalnız onun özünə məxsus replikalarını, tostlarını eşidəsən.
   Bu məqamda “köhnə” yazılarımdakı epizodlardan birini təkrarlayıb-“təzələməyə” bilmirəm. Belə ki, yuxarıdakı “persona”, “dost-tost” ifadələri o vaxtlar onunla bağlı dillərdə gəzən bir olayı xatırlatdı mənə. Məclislərin birində gözəl bir rəssam haqda qırılan qeybətə, demək olar, hamının qoşulduğunu görən sənətkar şana barmaqlı əllərilə havada “qədeşi” bir dairə fırlayıb: “Sizin hamuuzun beləsi belə!” - deyir. Məclis dağılır və özünü pilləkənlərdə ona yetirən birisi: “- Qədeş, qədeş, yəni, o söz mənə də aiddir?!” - deyə incik-incik təkzibi-üzrxahlıq gözləyirkən, “Sözübir Səttar” kişidən: “Yox, qədeş, səninkiləri personalnı!” - cavabını eşidir.
   Bu bənzərsiz kişinin tez-tez araya-ortaya çıxan bənzərsiz əsərləri necə qəbul edilir, necə baxılır, səs-sorağı necə yayılırdısa, atmacaları da elə oca təsir bağışlayırdı. Onun qartal-qırğısayağı gözləri bizim gözlərimizdən uzaq düşən, iraq gəzən hər milli matahı tilovvari barmaqları ilə fırçalayıb-“tovlayıb”-ovlayırdı.
   Onun sirli sir-sifətində bütöv bir cəmiyyət təbiəti bərqərar idi. Qaşları daim sənət hədəfinə tuşlanmış yaylar, uzun saçlarının rəngləri, fonar gözlərinin işığı, halət-siluet “qarmaqarışığı”nın şölələri ilahi bir palitra!..
   Vətən təbiəti haqda çəkdikcə, yaratdıqca qurtarmadığı kimi, öz sənəti, şəxsi təbiəti barədə də yazdıqca qurtarılmayan Səttar Bəhlulzadə! Sənətşünaslar, qəzet-jurnalçılar, kameramanlar onun yaradıcılığı ilə bahəm, xarakterindəki “işıq-kölgə” kontrastlarından, “model-modul” effektlərindən nə qədər yazıb-göstərsələr də, xalqın ürəyinə həzin nəğmə tək yatan bu sənətkar heç bir qarı qəlib, quru ənənəviçilik ipinə-sapına yatmadı. Heç - 15 yaşında rəssamlıq məktəbinə, 22 yaşında Azərbaycan Rəssamlıq Məktəbinə, 24-ündə Moskva Dövlət Rəssamlıq İnstitutuna, 32-sində Surikov adına Moskva Rəssamlıq İnstitutuna qəbullara hazır gedib ustad qayıtmış bu sənətkar - məktəb və həyat auditoriyalarındakı tələbələrindən də heç vaxt “əlifba” tələb etməyib. Onlara verdiyi dərslər bir-birini əvəz edən “gələcək”lərdə bitkin əsərlərə çevrilib. Onun ağır-uğur davranışları sənət adamları üçün məclis-mərəkələrdə özünü necə aparmağın etiket normaları kimi qəbul edilib. Onun impessionizm nümunələrinin bəziləri bu cərəyanla həmvətən olanların özlərini belə heyrətə gətirib...
   Olunub, edilib, çevrilib, gətirib, anılıb, sanılıb... Bunların harmoniyasından bütöv bir sənətkar şəxsiyyəti yaranıb!
   Bu şəxsiyyət saysız-hesabsız yazılarda, kitablarda, filmoqrafik kadrlarda yaşamaqda. Zəngin irsi dünyanın möhtəşəm muzeylərini şərəfləndirməkdə. Xalq rəssamı, Azərbaycan Dövlət mükafatı laureatı kimi təltifatları bu xalqın adını, istedadını daha da şöhrətləndirib, ürəyini fərəhləndirməkdə. Deməli, həm də - 14 oktyabr 1974-cü ildə vəfat etdikdən sonra da yaşamaqda!..
   
   Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar