Mədəniyyət və Turizm Nazirliyi, “Yarat!” Müasir İncəsənət Məkanı və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkil etdiyi “Alüminium” V Beynəlxalq Müasir İncəsənət Biennalesi başa çatdı.
Dekabrın 15-də Muzey Mərkəzində keçirilən «Müasir incəsənət bu gün» mövzusunda konfransda tədbirin əhəmiyyətindən söz açıldı.
Biennalenin direktoru, Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov “Alüminium” biennalesinin müasir incəsənətin inkişafına töhfə olduğunu söylədi: «Zamanın simaları» adlandırdığımız builki biennale çərçivəsində Bakı şəhərində 15 qalereyada sərgilər təşkil olundu, təqdimatlar keçirildi. Sərgilərə yüzlərlə tamaşaçı, sənətsevər gəlib. Bu bizə onu deməyə əsas verir ki, ölkəmizdə müasir incəsənətə böyük maraq var və bu istiqamət bundan sonra da dəstəklənəcəkdir”.
Sektor müdiri biennaleyə verilən dəstəyə görə “YARAT!” Müasir İncəsənət Məkanına, Azərbaycan Rəssamlar İttifaqına, gələn qonaqlara təşəkkür etdi. Biennalenin kuratoru sənətşünas və tənqidçi Dilarə Vahabova beş gün davam edən sənət bayramına qatılan hər kəsə təşəkkürünü bildirdi.
Sonra qonaqlar öz layihələrini təqdim etdilər. Türkiyənin Çanaqqale biennalesi haqqında məlumat, İraqdan olan sənətçi İmad Mansurun monitorda göstərdiyi maraqlı layihələr maraqla qarşılandı. İraqlı fotorəssamın korroziyaya uğrayan dəmir səthlərdə çəkdiyi fotolar sanki mükəmməl rəsm əsərinin əksi idi.
Litvalı Egle Bogdaniene həyatın ən müxtəlif atributlarında gördüyü bədiilik, art faktorlar barədə düşüncələrini bölüşdü. Pakistanlı Haça Hakenin işləri də böyük maraq doğurdu. Biennale çərçivəsində nümayiş olunan layihənin konsepsiyası haqqında danışan sənətçi uçmağa qalxan müxtəlif pozalı, müxtəlif formalı qanadları olan kəpənəklərin əslində dünyadan qopan insanları simvolizə etdiyini söylədi.
Layihələrini təqdim edən digər iştirakçılar da müasir incəsənət barədə fikirlərini bölüşdülər, fikir mübadiləsi apardılar.
Aliyə