İnstalyasiya, ready made, found poetry...
   
   Bu günlərdə Mədəniyyət və Turizm Nazirliyi, “Yarat!” Müasir İncəsənət Məkanı və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə Bakıda keçirilən “Alüminium” V Beynəlxalq Müasir İncəsənət Biennalesində nümayiş olunan işlər arasında instalyasiya nümunələri də maraq doğurdu. Bu janr barədə qısa söz açmaq istərdik.
   
   İnstalyasiyanın əsasını sürrealistlər qoyub. Bu janrın banisi fransız əsilli Amerika rəssamı, XX əsr incəsənətinin tanınmış siması, sənət nəzəriyyəçisi Marsel Düşan hesab olunur.
   İnstalyasiya hansısa bir məkanda ideya-bədii məqsədlərlə qurulmuş müxtəlif elementlərin kompozisiyasıdır. İnstalyasiyanı müəyyən vaxt, müəyyən adla adlandırılmış özünəməxsus simvolik dekorasiya da hesab etmək olar. Əsas odur ki, tamaşaçı özünü kənar seyrçi kimi deyil, onun içində hiss edir.
   Bəzi instalyasiyalar heykəltəraşlığa yaxındır, amma məsələ ondadır ki, onu hansısa materialdan yonub düzəltmirlər, adətən sənaye tullantılarından, müxtəlif materiallarla montaj edirlər. İnstalyasiya bədii-estetik yükdən də artıq ideya, sual, fikir aşılayır. Tamaşaçını müəyyən bir ab-havada hansısa mövzu barədə düşünməyə sövq edir. Bu, müasir incəsənətin son dövrlərdə daha da populyarlaşan janrıdır. İnformasiya texnologiyalarının inkişafı ilə instalyasiyanın bədii və ifadə vasitələri artır.
   İnstalyasiya həm də konseptual sənətin bir təzahürüdür. O konseptualizmin ki, postmodernizmin bir qolu kimi 60-70-ci illərdə Avropa və Amerikada yaranıb və onda əsərin konsepsiyası onun fiziki ifadəsindən vacibdir, yəni sənətin məqsədi ideyanın ötürülməsidir. Konseptual incəsənətin banilərindən olan Jozef Koşut deyirdi: «İncəsənət materialın yox, ideyanın gücüdür. Bütün incəsənət təbiətcə konseptualdır, çünki sənət yalnız ideya şəklində mövcuddur».
   Ready made (ingiliscə ready -hazır, made - düzəldilmiş) də konseptual sənətin bir məhsuludur. Burada müəllif öz «əsərini» - başqasının hazırladığı və ya yazdığı, istehsal etdiyi obyekti və ya mətni bədii məqsədlərlə təqdim etmir. Müəllifin müəllifliyi bu obyekti seçib onu bədii olmayan məkandan bədii məkana yerləşdirməkdir. Bununla bu obyekt görmədiyimiz bir tərəfdən açılır və onda bədiilikdən kənar kontekstdə səciyyə aşkarlanır. Marsel Düşanın «Velosiped çarxı», «Fontan», «Şüşələr üçün qurutma taxçası» kimi ready made nümunələrini misal çəkmək olar. Ən sadə predmetlər bədii məkana gətirilir və o məkanda o velosiped çarxı, şüşə quruducu, pissuar yeni kontekstdə yeni mənalar qazanır.
   Bədii ədəbiyyatda bunun alternativi “found poetry”dir (“tapılmış poeziya”). Adətən bu termin tərcümə olunmur. Hansısa bir mətndən götürülmüş parça təqdim olunur və o, yeni mənalar qazanır. Məsələn, rus şairəsi Vera Pavlova mikroorqanizmlərdə bioloji təzahürlər haqqında ensiklopedik məlumatı şeir kimi təqdim edir. Nəticədə bioloqlardan başqa kiməsə maraqlı olmayan mətn sevgi haqqında metaforaya çevrilir.
   
   Aliyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar