Dekabrın 21-də Xətai Miniatür Mərkəzində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə həvəskar rəssam Nazim Yusifovun fərdi sərgisi açıldı.
Açılışda çıxış edən Elmi-Metodik Mərkəzin direktor müavini Polad Zeynalov rəssamın əsərlərinin bir çox sərgilərdə nümayiş olunduğunu və maraqla qarşılandığını bildirdi.
Rəssamlar İttifaqının heykəltəraşlıq bölməsinin müdiri, Xalq rəssamı Xanlar Əhmədov Nazim Yusifovun əl işləri ilə bağlı fikirlərini söylədi, ona gələcək yaradıcılıq uğurları arzuladı. Nazim Yusifovun sənət dostu, rəssam Rafiq Quliyev həmkarının yaradıcılığının çoxsahəli olduğunu vurğuladı, onun gələcəkdə Azərbaycan rəssamlığına maraqlı tablolar bəxş edəcəyinə əminliyini bildirdi.
Digər çıxış edənlər də rəssama uğurlar, yeni sərgilər arzuladılar. Nazim Yusifov Elmi-Metodik Mərkəzin fəxri fərmanı ilə təltif olundu.
Sonda rəssam çıxış edərək sərgiyə gələn qonaqlara təşəkkürünü bildirdi. O, daim insanların arasında olaraq onların həyat eşqini, arzuları naminə yaşamaq istəklərini gördüyünü və bundan ilhamlanaraq maraqlı kompozisiyalar yaratdığını bildirdi. Sonra sərgiyə baxış keçirildi. “Tarixi xatırlayarkən”, “Mənzərə”, “Lənkəran çayı”, “Payız gəlir”, “Məlakə”, “Təndir başında”, “Lənkəran melodiyası” və s. maraqlı əsərlər diqqət çəkirdi. Sərgidə təbiət mənzərələri, natürmortlar maraqla qarşılandı.
Reyhan