Həsən və Ucal Haqverdiyevlərin xatirəsinə həsr olunmuş sərgi keçirildi
   
   Dekabrın 24-də Bakıdakı “1969” qalereyasında mərhum rəssamlar - ata və oğul - Həsən və Ucal Haqverdiyevlərin xatirələrinə həsr olunmuş sərgi açıldı. Sərgidə Ucal Haqverdiyevin rəsmləri, Həsən Haqverdiyevin karikatura və şarjları, dini freskaların surəti nümayiş olunur.
   
   Tədbiri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq Həsən və Ucal Haqverdiyevlərin sənət dünyasında özünəməxsus iz qoyduqlarını vurğuladı: “Bu il Həsən Haqverdiyevin anadan olmasının 95 ili tamam olur. Mənim yaradıcı insan kimi çox yaxşı tanıdığım Ucalın da əsərləri burada nümayiş olunur. Ucal özünəməxsusluğu, həyata baxışı ilə seçilən rəssam idi və onun xatirəsi bizim qəlbimizdə yaşayır. Bu gün onunla təsəlli tapırıq ki, Azərbaycan rəngkarlıq sənətinin belə bir nümayəndəsi çox qısa ömür sürməsinə baxmayaraq, xalqımızın adına layiq işlər, əsərlər yaradıb».
   Sonra Bakı Xəzəryanı Yeparxiyasının rəhbəri, arxiyepiskop Aleksandr çıxış etdi. O, Ucal Haqverdiyevin həyatının son illərində, ağır xəstəlik keçirdiyi vaxtlarda müqəddəs Arxangel Mixail kilsəsinin divarlarına çəkdiyi rəsm işləri barədə danışdı: “Hər yaradıcı insan monumentallığa can atır. Ucal Haqverdiyevin monumental əsərləri, məncə, dini xarakterli rəsmləridir. Mixail Arxanqel rus pravoslav kilsəsi XVIII əsrə aiddir və o qədimliyi saxlamaq lazım idi. Ucalın istifadə etdiyi rəng qammaları buna imkan verdi. Ucal Allahın verdiyi bütün gücünü toplayıb işləyirdi və fırçanı yalnız qüvvəsi tükənəndə yerə qoydu».
   Rəssamın qardaşı Hüseyn Haqverdiyev Ucalın rəsmlərinin özəlliyindən danışdı: “Bu əsərlər bizə yaradıcı prosesin bütün əzablarını hiss etdirir”.
   Mərhum rəssamın həyat yoldaşı Yelena Raf çıxışında həyəcandan söz tapmadığını, hər kəsə təşəkkür hisslərini ifadə etdi və bildirdi ki, sərginin məqsədlərindən biri də gələn il çap olunacaq Ucalın rəsm işlərinin əks olunduğu kitabın audio versiyasının təqdimatıdır. Kitabın elektron versiyasını rəssamın oğlu Bütünay Haqverdiyev təqdim etdi.
   Sonra qonaqlar Ucal Haqverdiyevin əsərlərinə, həmçinin atası Həsən Haqverdiyevin dövrünün məşhur mədəniyyət adamlarına həsr etdiyi dostluq şarjlarına, karikaturalarına baxdılar. 
   Ucal Haqverdiyevin rəsmləri arasında klassik mövzulu əsərlər xüsusi maraq doğururdu. «Müqəddəs Məryəm körpə ilə» əsərində qeyri-dəqiq cizgili simalardan seyrçiyə ötürülən işıq güclü təəssürat yaradır. «Şərq gözəli» əsərində isə gözəllik əsasdır. Bu gözəllik ritm və ornamentlərlə zəngindir. Bu isə ona bir mürəkkəblik qatır. …
   Rəssamın Moskvada rəssamlıq təhsili alan oğlu Bütünay Haqverdiyev atasının rəsmləri barədə fikirlərini bizimlə bölüşdü: «Mənə onun yaradıcılığı haqqında bir oğul və yaradıcı adam kimi danışmaq çətindir. Onun əsərlərinə hər dəfə baxanda təəccüblənirəm. Bu əsərlər inanılmaz dərinlikləri ilə adamı özünə çəkir. Mən bu əsərlərdəki dərinliyin sərhədini görmürəm. Müasir dünyada sevgi, mərhəmət əks etdirən incəsənətə az yer verilir. Bu əsərlərsə əbədi olan sevgi və mərhəmət haqqındadır. Onlar həyat və insanlardan ibarət olan böyük hisslər barədə danışırlar».
   Xatırladaq ki, Ucal Haqverdiyev rəssam Həsən Haqverdiyevin ailəsində doğulub. Bu ailədə, demək olar, hər kəs rəssamlıqla məşğul idi. O, incəsənət haqda kitabların, reproduksiyaların, tabloların arasında böyümüşdü. Onun əsərlərinin sərgiləndiyi ölkələrin coğrafiyası çox genişdir: Avstriya, Almaniya, Norveç, Türkiyə, Rusiya, Amerika. Ucal Haqverdiyev 2004-cü ilin dekabrında haqqa qovuşub. Onun mif və əfsanələrdən, təxəyyülündən canlandırdığı zəngin mövzulu rəssamlıq və qrafika əsərlərindən ibarət irsi rəssamlıq sənətinə töhfədir.
   
   Aliyə