Yaradıcı insanın seçdiyi sənətə qəlbən bağlanması, geniş təxəyyülə və həssas duyuma malik olması gələcək uğurlarının rəhnidir. Haqqında söhbət açacağımız gənc incəsənətin iki sahəsində - musiqi və rəssamlıqda - fitri istedad sahibidir. Öncə onu qeyd edək ki, Azərbaycan ifaçılıq məktəbi tarixində nəfəsli alətlərdə klassik musiqi ilə məşğul olanların sayı elə də çox deyil. Belə ifaçılar daha çox milli musiqiyə meyilli olurlar. Klarnet alətində artıq püxtələşmiş ifaçı olan Səddam Novruzbəyov isə klassik janra üstünlük verərək bir çox uğurlara imza atıb.
   
   Anası Kəmalə xanımın dediyinə görə, oğlu kiçik yaşlarından musiqi duyumu və qeyri-adi bacarığı ilə diqqəti cəlb edib: “Fikrət Əmirov adına 6 nömrəli uşaq incəsənət məktəbinə qəbul olunanda direktor Nəriman müəllim Səddamın fərqli istedadını görərək onu nəfəsli alətlər şöbəsinə yazdırmağımızı məsləhət gördü. Sonra təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində davam etdirdi. Oranı bitirdikdən sonra Bakı Musiqi Akademiyasına qəbul olundu”.
   22 yaşlı gənc ifaçı klassik və sərbəst caz improvizasiyalarına üstünlük verir, ifası tanınmış musiqiçilər tərəfindən hər zaman bəyənilir. Xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Dövlət Gənclər Simfonik Orkestrinin solisti olan Səddam bu kollektivlə Fransada UNESCO-nun konsert zalında keçirilən tədbirdə, həmçinin Belçika, Almaniya, İtaliya və İsveçdə çıxış edib.
   Bu ilin noyabrında isə Səddamın hərbi xidmətini yenicə başa vurmasına baxmayaraq ölkəmizi beynəlxalq müsabiqələrin birində layiqincə təmsil edib. 23 oktyabr - 4 noyabr tarixində Avstriyanın paytaxtı Vyanada keçirilən “XXI əsr incəsənəti və təhsili” adlı beynəlxalq forumda nəfəsli alətlər üzrə II yerə layiq görülən ifaçı həmçinin müsabiqənin professional konsert proqramı və ən yaxşı artistizm nominasiyası üzrə qalibi elan olunub.
   Gənc ifaçı uğurlarından danışmağı xoşlamır, əldə etdiyi nailiyyətlərdə müəllimlərinin böyük rolu və zəhməti olduğunu deyir: “Klarnet müəllimim Əziz Qarayusiflinin adını xüsusilə vurğulamaq istəyirəm. Klassik musiqiyə həvəsi, ifa manerasını, alətin incəliklərini mənə aşılamaqda onun böyük zəhməti olmuşdur. Hər çıxışım zamanı mənimlə bərabər həyəcan keçirən konsertmeysterim Tatyana Qarayusiflinin məsləhətlərinə həmişə qulaq asıram. Bilirsiniz, bu sənətdə istedadla bərabər, zəhmətsevərlik də vacib amillərdəndir. Dünyaca məşhur solistlərdən Martin Fröst, Julian Bliss, Paul Meyeri kimi sənətkarları dinləyərək öz çalğımda onların texnikalarını tətbiq etməyə çalışıram”.
   Müəllimi Əziz Qarayusiflinin istedadlı yetirməsi haqqında fikirlərini öyrəndik: “Səddamla ilk görüşümüzdə o mənə çəkdiyi rəsmlər və iştirak etdiyi sərgilər haqqında həvəslə danışdı. Danışığından hiss olunurdu ki, rəssamlığa da böyük marağı var. Onu dinlədikdə bu sadə, bir az da dalğın gəncin rəssamlığa sonsuz həvəsini duydum. Bir anlığa düşündüm ki, onunla işləmək mənim üçün çətin olar. Çünki rəsm çəkərkən nə qədər azad, sərbəst olur, özünə qapanırsansa, musiqidə bir o qədər dəqiq və ciddi olmaq vacibdir. Lakin fikirləşdiyimin tam əksinə, nəticə gözlənilməz oldu. Klassik musiqiyə həvəs, improvizə bacarığı, texnikası və öz üzərində ciddi çalışmaq vərdişləri onunla işləməyi asanlaşdırdı. O, çox istedadlı və çalışqan gəncdir. Ona bu çətin və şərəfli sənət yolunda uğurlar arzulayıram”.
   Qeyd etdiyimiz kimi, Səddam Novruzbəyovun əsas məşğuliyyətlərindən biri də rəssamlıqdır. 3 yaşından rəsm çəkir, 5 yaşından isə Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin "Uşaq dünyası" rəsm qalereyasının təşkil etdiyi müsabiqələrin fəal iştirakçılarından biri olub. 2002-ci ildə Səttar Bəhlulzadə adına sərgi salonunda ilk fərdi sərgisi keçirilib. Görkəmli sənətkarlarımız sərgini yüksək qiymətləndirərək onun əsərlərindən böyük zövq aldıqlarını və rəsmlərdə dərin fəlsəfi fikirlərin olduğunu vurğulamışlar. 2004-cü ildə isə Avstriya Hava Yolları, Britaniya səfirliyi, MEXX və Rəssamlar İttifaqının birgə layihəsi ilə keçirilən "Bakı gələcəkdə" adlı rəsm müsabiqəsində I yerə layiq görülən Səddamın əsərləri xeyriyyə məqsədilə satılmış, toplanan vəsaitə uşaq evlərinə ərzaq və geyim alınmışdır.
   Səddam öz daxili dünyasını boyalar və fırça vasitəsilə paylaşır. Rənglərin dünyasını musiqinin, musiqinin dünyasını isə rənglərin fonunda təsvir edən gənc bu iki əsrarəngiz sənət dünyasının sirlərini öz baxışları ilə ətrafdakılara çatdırır. Bu sahədə qazandığı uğurları təltif edildiyi çoxsaylı diplomlar da təsdiqləyir. İncəsənətin iki qolunu bir araya gətirən gənc deyir: “Hərdən xəyala dalıram və hansı sənəti daha çox sevirəm, deyə düşünürəm. Həm rəssamlıq, həm də musiqi həyatımın ayrılmaz hissələridir”.
   Hazırda Qara Qarayev adına 8 nömrəli musiqi məktəbində dərs deyən və eyni zamanda Azərbaycan Dövlət Neft Şirkətinin orkestrində çalışan qəhrəmanımız sonda bir fikrini də vurğuladı: “Yaşıdlarıma dövlətimizin yaratdığı imkanlardan maksimum dərəcədə istifadə etməyi tövsiyə edərdim. Bugünkü gənclik sağlam düşüncəlidir və gələcəyə ümidlərlə baxır. Ölkə Prezidenti İlham Əliyevin, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın gənc istedadlara yol açması nların uğurlarına zəmin yaradır. İnanıram ki, ölkəmizi beynəlxalq sənət yarışmalarında layiqincə təmsil etməkdə dövlətimiz hər zaman mənə dəstək olacaqdır”.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar