...dünyadərki, qabiliyyət, fəhm və irscə qosqoca sənətkar - Bəhruz Kəngərli
   
   Az yaşasa da, çox yaratdı Bəhruz Kəngərli. Təkrarsız əsərlər yaradıb, özündən yaşlı gənclərə, sonrakı çox ahıla-yaşlıya nümunə oldu.
   Üç onillik yaşadı və bunun yeddi ilində nələr yaratmadı, nə işlər görmədi!
   2500 gündə 2000 iş!
   
   Deməli, günlər Bəhruzu, Bəhruz günləri qovurmuş...
   Amma hər iki qovhaqov daimiliyə doğru imiş; biri - çox halal-ümmət insan olduğuyçün Tanrının cənnət əbədiyyətinə, biri - hədsiz istedad sahibliyi səbəbilə - sənət əbədiliyinə doğru.
   “Alın yazısı” sahibi öz halal bəndələrindən, əşrəf-“əsər”lərindən birini öz yanına çəkmədə, həmin canlı “əsər”-müəllif isə öz qabiliyyəti hesabına milli sənət əsərləri çəkməkdə...
   O, çəkdiyi rəsmlərlə birgə, yaşadığı ağrılı-əzablı günlərini də sanayırmış. Yaxşılı-yamanlı bütün haqq-hesabları hesaba alırmış.
   Və o bütün bu şərəf-şöhrət, zəhər-təhər illərini və rəsmlərini daha çox bəhrələndirən bahar fəsillərini, canını az-çox qızdıran isti ayları və - həyatında həsrət qalsa da, həyətində gül açan günləri də sayıb-sonulayırmış deyə, biz də bir daha - “sən saydığını say, gör fələk nə sayır” deyiminin fərqinə varaq...
   30 il 17 gün yaşayıb (22 yanvar 1892 - 7 fevral 1922) Bəhruz Kəngərli. Həyatda bu qədər - çox az yaşayıb. Bəs sənətdə?..
   Əgər bu sualı sizinlə üzbəüzlüyümüzdə səsləndirmiş olsaydım, eyhami bir təbəssümlə atmacalı bir “nə bilim” işlədib, “artıq 91 ildir yaşayır, davamı isə öz güman-proqnozlarınızın ümidinə”, - deyərdim, - hörmətli oxucular!..
   
   Deməli; -
   
   Bəhruz Kəngərli özü o qədər, sənəti isə bu qədərdir ki, yaşayır. Öz yaşadığının iyirmi üçünü (canında daşıdığı ağrıların acığına desəm) “şəxsi mənafe nəfinə” - özüyçün yaşayıb, yeddisini milli mənafe naminə - bizimçün.
   Amma, uşaqlıqda keçirdiyi daha şiddətli xəstəliklə əlaqədar ağır eşidən qulaqlarından bezar gəzib, sonrakı “serial” mərəzlərlə bağlı canından həzər yaşasa da, ömrünün son yeddi ilində yaratdığı iki minə yaxın rəsm əsərlərinin bircəsində belə heç bir “sarılıq”-soluqluq “patalogiya”sı hiss olunmur. Bu canlı portretlərdə, tablolarda, bədiicə-bədayecə bir meh əsdirə bilsən, dəbərib-tərpənəşəsi peyzajlarda aktuallıq sarıdan heç bir deqradasion “epiqriz” vəd edilmir; nəyə könül gözüylə baxıbsa, hansı mövzuya əl qatıbsa, hər biri öz sənət-surət murazına çatıb.
   Həyatının qürub, yaradıcılığının isə yeni - daha parlaq tülu dəmlərində müasirlərinə söyləyirmiş ki, onu bu həyatda saxlayan bu sənət həbləridir, yoxsa, canındakı zalım ağrıları tək elə səhhət dava-dərmanları hesabına çəkə bilməzmiş. Hərdən də yarı zarafat-yarı xurafat - baməzə dost-sirdaşlarına qayıdarmış ki, mən gözümü... tezliklə vidalaşacağım bu dünyada qoyub gedəcəm. Sonralar “Batabat”a, “Əshabi-kəhf”ə, “İlanlı dağ”a gedəcəyiniz çağlar mənim bu dünya al-şalından, Azərbaycanın təbiət cah-cəlalından, cahan yanağındakı Nəqşicahan xalından doymaz gözlərimi də götürərsiz özünüzlə. Baharın naz-qəmzəli dəmlərində isə qoymazsız heç kirpikləri də qırpılsın amanatınızın (dırnağa almadığımdan yana, “vasitəsiz nitq” zənn etməyin, ədəbi-bədii, jurnalistik-publisistik şərtilik sanmayın bu sözləri və bir abzaslıq səbr edin)...
   Tay-tuşları isə, o çağlaradək böyür-başlarında hamıdan asta və hər kəsdən usta gəzə-gəzə - tək elə gəzməyə yox, həm də dahiliyə gedən bu gəncin qulaqlarının eşidib-eşitməyəcəyi tonda sözlər deyib-danışarmışlar. Bu sözlərlə həm onu tərif-təskin edər, həm də onun vəziyyətilə ilgili kədərlərini bir-biriylə bölüşüb, o ağır anları yola verərmişlər...
   1972-ci ildə onun ən son - yəqin ki, o vaxtlar hələ “uşaq-muşaq” hesab edilən ətrafından ikisiylə qəribə bir məclis-mərəkədə tanışlığımız oldu. Mən ADU-nun (BDU) jurnalistika fakültəsinin sonuncudan əvvəlki kurs tələbəsi, ömrün son illərini yaşayan o qocalar isə Bəhruzun son beş-on ilini yaxından müşahidə etmiş qohumu İsmayıl Kəngərli və adını unutduğum qonşularından birisi. Müqtədir sənətkarın o müxtəsərcə ad gününü - 80 illik yubiley məclisini tulumçu Cəbi kişi öz “ibtidai icma” alətiylə əsl törən-mərəkəyə çevirmişdi. O tulum necə gurum-gurum gumbuldayırdısa, tamaşaçıların sinələri də elə o sayaq qabarıb-qalxınırdı. Yanlarında dayandığım həmin iki qoca isə hərdən bir-birinə baxınır, kədər və həzz dolu işarətlərlə himləşirdi. Sonrakı çay süfrəsi arxasında onlar o “işarət-him”lərini mənimçün belə “tərcümə” etdilər ki, sən demə, tulumçu Cəbi kişi, bəzi məqamlarda, uşaq yaddaşındakı Bəhruzun bütün gözəl keyfiyyətlərini - hətta can üstdə də ətrafına təlqin etdiyi nikbinliyi də ifa edirmiş...
   Yeni tanışlarım musiqi-tulum tutumlu “rəng”lərilə birgə, B.Kəngərlinin xarakter-“portret”inə əlavə “eskiz”lər də söylədilər ki, - artıq mən bunlardan yuxarıdakı abzaslarda yararlandım.
   Amma, biləmmədim, o təbii, görkəmcə saya, söz-söyləmcə nostalji kişilər bu bir-iki rəsmi-xronoloji faktdan da xəbərdar idilərmi ki, Bəhruz ağır eşitmə səbəbindən heç ümumtəhsil məktəbinə də gedə bilməmiş, C.Məmmədquluzadənin təşviq və himayədarlığı ilə Tiflis Boyakarlıq və Heykəltəraşlıq Məktəbini oxumuş və onun elə tələbəlik dövründəcə (1910-1915) əsl rəssam kimi püxtələşməsi də elə həmin ümumazərbaycan Mirzəsinin və ümumşərq “Molla Nəsrəddin”inin sayəsində baş tutmuşdur...
   O qədər azmüddətli ömürdə bu qədər çoxsaylı iş işləyib, heç bir əsərində heç bir təkrarçılığa yol verməmiş bir sənətkar haqda təsvir-təəssürat “val”ını dəyişmək məqamında təkrara yol verməməyim xatirinə -
   
   Bu yazının başlığını xatırlayın
   
   Yəni bu əbədigənc - qosqoca bir gənc...
   Əslində, çağlar istedad və ilhamı, qabil fırçası ilə yüzlərlə canlı-cansızı, faktura-naturanı təşbehləmiş otuz yaşlı bir rəhmətliyin özəl obrazını “qosqoca gənc” kimi obrazlarla zənginləşdirmək istəyi çox adi bir “sözəl tablo”. Yəni, o hələ tələbə ikən “mollanəsrəddin”çi rəssam Oskar Şmerlinqin və bir tələbə yoldaşının (Qudiaşvili) portretlərini çəkməklə “20 yaşlı ağsaqqal rəssam” adını qazanmışdı. Ardınca da “Qoca kişi”, “Toy”, “Elçilik” kimi möcüzələrindən, karikatura, mənzərə, məişət səhnələrini əks etdirən digər akvarel, boyakarlıq nümunələrindən ibarət böyük sərgisi ilə bütün Naxçıvan sənətsevərlərini heyran etmişdi. Bəs yaxşı, ovaxtkı “azyaşlı” fenomeni buvaxtkı supermen tələbkarların mütaliə-tamaşa diqqətinə necə çatdırmalı? Ovaxtkı “İqbal” qəzetinin yazdığı “Bu cavan rəssamımız gələcəkdə iftixarımız olacaqdır” öncəgörüsünü buvaxtkı “Mədəniyyət” qəzetinin oxucularına nə “görü” kimi təqdim etməli?..
   
   Suala suallı cavab (?)...
   
   Bu gənc “qoca”nın rəsmlərinə baxdıqca nə görürsən? Çoxları tərəfindən tək elə molbertə, irili-xırdalı “ramka”larda ram edilib, dar çərçivələrə sığışdırılıb-“sıxışdırılan” təbiət və cəmiyyət epizodlarınımı? Yox, bu rəsmlərdə cəmiyyətin Füzuli poetikasının, Heminquey hadisəsinin iç-içalat realizmi, İvanov realizmi, Van Qoq impressionizmi burulğanlanır. Onun “Yaşlı kişi”si ixtiyarlıq barədə fırça dilli sonsuz bir söhbət, “Gürcü” portreti qonşu ölkəyə etno-turistik bir səyahət, “Qaçqın qadın”ı zəiflərin törəmə banisi, “əzəl mübtədası” Həvvadan üzü bərinin cəmi-məhrumiyyətlərinin xülasə hekayəti deyilmi?
   Bəhruz Kəngərli yaradıcılığına “mövzu aktuallığı, ideya-məzmun müasirliyi” kimi tərkiblərdən yanaşıldıqda da - dilə, qələmə əl verməyən bir tel tapılmaz. Əslində, bu, sənətkar üçün o qədər də böyük əlamət sayılmamalıdır; sabaha nəsə bir əhəmiyyət, təsiri-əsər daşımayası bir əsərə bu gün niyə qol qoymalısan ki? Onun yüz il öncə yaratdığı “Qaçqınlar”, “Qaçqın qız”, “Yurdsuz ailə”, “Qaçqın oğlan”, “Ayaqyalın qaçqın oğlan”, “Qaçqın Gümsün” kimi “arxiv”-portretləri olmasaydı, hələ də qədərincə və layiqincə fırçaya alınmamış bugünkü qaçqınlarımız elə bilməzdilərmi ki, bu “görəcək” tək elə bunların başına gəlib? Dünyanın ağıllıları (dadlı “happa”larımızdan tutmuş zurna-balabanımıza qədər mənimsəməkdə olan bir tayfanı özlərinin “yan tütəyi” etmiş Fransadan iraq) necə belə bir qənaətə gələ bilərdilər ki, qeyri-etnos hayların “siyasət”dəki sənəd-sübutsuz - qondarma “nömrə”li “genosid” ah-vayları Bəhruz sənət-sənədlərindəki fakturalara nisbətdə makulaturadan savay bir şey, bir zad deyil?! “Yer məni-yer məni” deyə-deyə, tər-təmiz türk sözünün assimil-dissimilyasiyasından özlərinə ad, yeddi arxadönənlərimizin sadədilliyi (və sadəlövhlüyü!) sayəsində öz arxa-alt yanlarına “Hayastan” düzəldib, bütün dünyaya “dənizdən-dənizə” sayıqlaması vart-vartlayan “şon-dığa” Vartanlar yanılmazdılarmı ki, tarixən türklərə tək elə kəmərbəstə yox, həm də kəmərdən aşağı bir terminimizi də yada salan “daşnak”, tumançax “qınçax” olublar?
   Bunlar “mövzu aktuallığı”. Qaldı “ideya-məzmun” və dünyəvi sənət-sənətkarlıq məcmu-mündəricəsi. Buyurun, - “Nuhun qəbri”, “Bahar”, “Payız”, “Günəş batarkən”, “Şəlalə”, “Dağlıq mənzərə”, “Ağrı dağı”, “Köhnə qala”, “Əliabad kəndində darvaza”, “Yamxana kəndinə gedən yol”, “Möminə xatın türbəsi” və sair.
   Bunları (və adlarını çəkmədiyim yüzlərlə digər rəsmləri) yaradıcı, dünyəvi bir millətin öz sənətkar övladı tərəfindən fırçaya alınmış sənət tərcümeyi-halı da adlandırmaq olmazmı?..
   
   Yeddi ildə üç siyasi fəsil
   
   Bəhruz Kəngərli yeddiillik yaradıcılıq ömründə üç ictimai-siyasi fəsil yaşamalı olmuşdur; mütləqiyyət, Cümhuriyyət və belə demək mümkünsə - bolşevizmiyyət. Onun birinci “iyyət”dəki fəaliyyət nümunələrilə az-çox tanış olduq. İkincidə - Azərbaycan Xalq Cümhuriyyəti dövründə isə daha özgür maraqları hədəfləyən bir sıra boyakarlıq və qrafika əsərləri yaradan müəllif, əsas diqqət və qüvvətini bütün könül döyüntüləri, amal öyüntülərilə qəbul etdiyi milli müstəqilliyin sabahı üçün yaradıcı gənclik yetişdirməyə, banisi olduğu milli teatr-tərtibat rəssamlığına sərf edir. Bu sənəti daha da yüksəltmək və sevdirmək üçün xüsusi dərnək yaradır, fərdi sərgilərini düzənləyir. Bu da çox maraqlıdır ki, üçüncü - “xilaskar” adıyla gələn işğalçı, xatakar “izm-iyyət” - bir çox “qazanaçdı” tədbirlərindən növbətisi kimi, 1921-ci ildə Azərbaycanda açdığı ilk böyük sərgidə B.Kəngərlinin 500-dək əsərini nümayişə çıxarır...
   Bu dünyadan “kimlər gəlib, kimlər getsə” də, insan (say və səyindən asılı olmayaraq) nə etsə də, zaman əsl sənətkarların qoruyucu mələyi vəzifəsini sədaqətlə yerinə yetirir. Necə ki, bu gün Moskva Dövlət Tarix Muzeyində, Azərbaycan Milli İncəsənət və Naxçıvan Dövlət Tarix muzeylərində Bəhruz Kəngərli imzalı yüzlərlə əsər saxlanılmaqda, qorunmaqda, baxılmaqda, sevilməkdə!
   Deməli, əsl sənət tarixin hər dönəmli sonluqlarında, “nəticə etibarilə”liklərində bütün bəd siyasətlərə qalib gəlməkdə!..
   
   Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar