Rəssam Ələkbər Rzaquliyevin həyatı və sənəti bu rənglərdən keçib
   
   Ələkbər Rzaquliyev Azərbaycan təsviri sənət tarixində qrafik və linoqravüra rəssamı kimi şöhrət tapan sənətkarlarımızdan biridir. O, kəşməkəşli bir həyat yaşamış, taleyin ağır sınaqlarından keçmişdir. Bəlkə elə buna görə əsərlərində təsvir etdiyi həyat mənzərələri də iki rəngdədir: ağ və qara.
   
   Ələkbər Ələsgər oğlu Rzaquliyev 1903-cü ildə Bakıda anadan olub. Uşaqlıq illərində ən çox sevdiyi məşğuliyyət rəsm çəkmək idi. Sənətə bu həvəsi və fitri istedadı onu Moskvaya aparır, orada rəssamlıq məktəbində oxuyur. Bakıya qayıtdıqdan sonra yaradıcılığa davam edir. Əsərlərində inqilabdan əvvəlki Azərbaycan məişətinin xarakterik səhnələrinə geniş yer ayırır. “Azərbaycanlı qadın” (1926), “Pəhləvanlar” (1926), “Mollaxana" (1927) boyakarlıq əsərləri maraqla qarşılanır. İrəlidə onu sənətin zirvələri gözləyirdi. Amma tale ona başqa qismət kəsmişdi. Ölkədə acı yellər əsməkdə idi.
   Ələkbər 1928-ci ildə “pantürkist ideyalarını yaymaq”da ittiham olunaraq həbs edilir. İyirmi beş il müddətinə azadlıqdan məhrum edilərək Sibirə göndərilir. Qürbət həyatı nə qədər ağır olsa da, Ələkbərin iradəsini qıra bilmir. Bir müddət sonra onun barəsində yeni qərar verilir - vaxtından əvvəl azadlığa buraxılır. Ələkbər Bakıya dönür, Sona adlı bir xanımla ailə qurur. Ədilə adlı övladları dünyaya gəlir.
   Lakin çox keçmir, Ələkbər yenidən həbs olunur və Solovki həbs düşərgəsinə (Rusiyanın şimalında, Ağ dənizdə Solovetks adaları - red.) göndərilir. Ağır məşəqqətlərdən keçir, olmazın zülmlər çəkir. Lakin iradəsini toplayıb həyat eşqi ilə yaşayır.
   Qızı Ədilə xanım xatirələrində yazır: “1947-ci ilə qədər biz bir-birimizdən ayrı düşdük. Uzun illərin ayrılığından sonra, biz bir daha yenidən görüşdük. Ancaq bir-birimizi tanımadıq. Atam bu pərişanlığa dözə bilməyib ağladı”.
   Sürgündən qayıtdıqdan sonra Ələkbər Rzaquliyev ailəsi ilə Azərbaycanın şimal-qərb rayonlarında məskunlaşır. Əvvəl Gəncəyə, sonra isə Şəkiyə köçməli olurlar. Şəkidə ipək kombinatında işə düzəlir. Eyni zamanda, məktəbdə dərs deyir.
   Ədilə xanımın xatirələrindən: “Bir dəfə evdə atam və babamla oturmuşdum. Bu vaxt bizə Bəhram adlı bir kişi gəldi. Sonra məlum oldu ki, o, Gəncə teatrında rejissor işləyir. Bəhram atama yaxınlaşıb onun ayaqlarına yıxıldı və dedi: “O illər üçün, o sözlər üçün məni bağışla!” Amma atam ona cavab verməyib, üzünü yana çevirdi. Babam bütün bunlara dözməyib, atama dedi: “Ələkbər, görmürsən o, səndən üzr istəyir?” Atam cavabında dedi: “Yox, mən onu ömrümdə bağışlamaram, onun sözlərinə görə ömrümün demək olar yarısını sürgünlərdə keçirdim”.
   1949-cu ildə Ələkbər Rzaquliyev yenidən həbs edilir. Bu dəfə uzaq Altay ölkəsinə sürgün olunur. Sürgündə Berta adlı bir alman qızı ilə ailə qurur. Onların Oqtay, Aydın adlı oğulları və Sevda adlı qızı dünyaya gəlir. O, uzaq Altaydan qızı Ədiləyə məktub yazır. Evləndiyi barədə ona məlumat verir. Bildirir ki, bu addımı əziyyət çəkməmək, ölməmək və sizə qovuşmaq üçün atdım...
   Günlərin bir günü düşərgədə xəbər yayılır ki, Stalin vəfat edib. Həyəcandan Ələkbərin dili tutulur. Üç gün Ələkbər bir kəlmə danışa bilmir. Hamıya elə gəlir ki, o, bir daha danışa bilməyəcək. Nəhayət, 1956-cı ildə Ələkbər Rzaquliyev sürgündən qayıdır. Stalin repressiyaları dövrünə son qoyulur. Bir müddət sonra Berta və uşaqlarına Ələkbərlə Azərbaycanda yaşamağa icazə verirlər.
   Sürgündən qayıtdıqdan sonra Ələkbər Rzaquliyev gecəni gündüzə qatıb işləyir. Emalatxanadan demək olar ki, çıxmır. Çünki sürgün onun çox illərini almışdı. Ona görə də itirdiklərini təzədən bərpa etməyə çalışır. Neçə illərin yaddaşını kağıza köçürməyə can atır. Ağ-qara linoqravüralar yaradır. 1963-cü ildə 60 illik yubileyində özünün ilk fərdi sərgisini təşkil edir. Az sonra “Əməkdar rəssam” (1964) adına layiq görülür.
   Ələkbər Rzaquliyev yaradıcılıq fəaliyyətində cəmi iki rəngli rəsm çəkib -“Azərbaycanlı qız” və “Güləşçilər”. Qalan əsərləri ağ və qara rəngdədir. Rəssamın çox maraqlı əl işi olan “Mollaxana” və digər qiymətli əsərləri o, sürgündə olarkən itib-batır. Amma rəssamın arxivində “Mollaxana” əsərinin çap edildiyi jurnaldan kəsilmiş parça qalıbmış. Sonralar, 60-cı illərdə rəssam yaddaşı əsasında kompozisiya və obraz quruluşuna görə 20-ci illərin rəsmini xatırladan "Köhnə məktəb" linoqravürasını çəkib.
   Ələkbər Rzaquliyev qrafika sahəsində geniş fəaliyyət göstərib. “Köhnə Bakı” silsiləsi , “M.Ə.Sabir”, “Bakılılar Berlində”, “Çaybecərənlər”, “Azərbaycan madonnası” və s. linoqravüralar yaradıb. Əsərləri bu gün də Moskvada (A.S.Puşkin, Şərq Xalqları İncəsənəti Muzeyi), Sankt-Peterburqda (Ermitaj), eləcə də R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.
   Görkəmli rəssam ömrünün müdrik, yaradıcılığının kamillik çağında - 1974-cü il yanvarın 31-də Bakıda vəfat edib.
   
   Savalan Fərəcov






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar