Fevralın 12-də Muzey Mərkəzində paytaxtın Əhmədli qəsəbəsindəki Rəssamlar evində fəaliyyət göstərən fırça ustalarının əsərlərindən ibarət “Rənglərin dialoqu” adlı sərgi açıldı. Tədbir çərçivəsində rəssamların əsərlərindən ibarət kataloqun təqdimatı oldu.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev sərginin təşkilinin məqsədindən söz açdı. Qeyd etdi ki, belə sərgilər rəssamların bədii axtarışlarının müxtəlifliyini göstərməyə, rəssamların yaradıcılığını geniş ictimaiyyət arasında təbliğ etməyə imkan verir: “Biz bundan öncə Rəssamlar İttifaqı ilə birlikdə “7-ci mərtəbə\" və \"6-cı mikrorayon\" adı altında iki sərgi təşkil etdik. Hər iki sərgi böyük maraqla qarşılandı. Əhmədli qəsəbəsindəki emalatxanalarda olarkən orada işləyən rəssamların problemlərini öyrəndik, onları düşündürən yaradıcılıq məsələləri, bədii axtarışlar və son dövrlərdə yaradılmış yeni sənət əsərləri ilə yaxından tanış olduq. Onların müraciətləri nəzərə alınaraq \"Rənglərin dialoqu\" adlı sərginin təşkili qərara alınıb. İnanıram ki, bu sərgi də tamaşaçıların böyük marağına səbəb olacaq”.
Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov belə sərgilərin təşkilinin ənənə halını aldığını vurğuladı. Bildirdi ki, rəssamlarla emalatxanada, yaradıcı şəraitdə keçirilən görüşlər rəsmiyyəti aradan götürməklə yanaşı, yeni ideyaların yaranmasına da təkan verir, problemlər yerində həll olunur: “Sərgidə nümayiş olunan əsərlər bir-birindən fərqliliyi, ayrı-ayrılıqda orijinallığı, üslub rəngarəngliyi ilə diqqəti cəlb edir, eyni zamanda, ümumbəşəri dəyərlərin tərənnümü kimi ümdə məsələlər üzərində düşünməyə imkan verir. İnanıram ki, bu sərgilər davam edəcək, daha maraqlı olacaq, layihələr neçə-neçə rəssamları cəlb edəcək”.
57 rəssamın müxtəlif janrlarda 130 əsərinin nümayiş olunduğu sərgi fevralın 16-dək davam edəcək.
Ceyhun