Azərbaycan Mülki Aviasiya Muzeyində sərgi
   
   Fevralın 14-də Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyində “Qadın işvəsinin silahı” adlı sərgi açılıb.
   
   Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin təşəbbüsü ilə açılmış sərgidə Beynəlxalq Rəssamlar Federasiyasının üzvü Elvira Araslının şəxsi kolleksiyası əsasında 80-dən çox yelpik nümayiş olunur. Açılış mərasimində akademik Arif Paşayev, ali təhsil müəssisəsinin professor-müəllim heyəti iştirak edib.
   Muzeyin direktoru Firəngiz Hüseynova bildirib ki, sərginin məqsədi akademiyada təhsil alan gəncləri dünya xalqlarının mədəniyyəti və incəsənəti ilə yaxından tanış etmək, onların bədii-estetik zövqünü zənginləşdirməyə və formalaşdırmağa təkan verməkdən ibarətdir. Qeyd olunub ki, bu, rektor Arif Paşayevin təşəbbüsü ilə akademiyada təşkil edilən ilk sərgi deyil. 2011-ci ildə milli-mənəvi dəyərlərimiz olan xalçaçılıq, misgərlik, zərgərlik, bədii tikmə, milli geyimlər kimi müxtəlif sənət nümunələrimizdən ibarət “Azərbaycan xalq tətbiqi sənəti nümunələri” mövzusunda fotosərgi də məhz hörmətli akademikimizin təşəbbüsü ilə reallaşıb. “Qadın işvəsinin silahı” adlı sərgidə Çin, Yaponiya, İtaliya, İspaniya və Malayziya istehsalı olan ipək, sandal, lələk, kağız və digər materiallardan “utiva”, “may-oqi”, “sensu” formalı yelpiklər nümayiş etdirilir.
   Yelpik qədim tarixə malik bir əşyadır. Onun yaranması ilə bağlı müxtəlif rəvayətlər mövcuddur. Başlanğıcda adi sərinlədici vasitə olan yelpik sonralar hakimiyyət simvoluna çevrilmiş, müxtəlif dövrlərdə yalnız adlı-sanlı, kübar təbəqənin istifadə edə biləcəyi bir əşya olmuşdur. Bu günədək yelpiklərin müxtəlif ölçü və formaları mövcuddur.
   Yelpik sənətinin çiçəklənmə dövrü XVIII əsrə təsadüf edir. XIX əsrdə xanımlar yaşından və mövqeyindən asılı olaraq yelpiklərə malik idilər. XIX əsrdən başlayaraq Azərbaycanda da yelpikdən geniş istifadə edilməyə başlanılıb. Dövrümüzə qədər gəlib çatmış, bir çox xalqlara məxsus yelpiklər dünya muzeylərinin nadir inciləri hesab edilərək qorunub saxlanılır.
   Sərgi ilə yaxından tanış olan akademik Arif Paşayev belə tədbirlərin müxtəlif xalqlara məxsus mədəniyyətlərin öyrənilməsi baxımından əhəmiyyət daşıdığını, tələbə və məktəblilərin böyük marağına səbəb olacağını vurğulayıb.