Əsrlər boyu xalqımızın yaratdığı mədəni sərvətlər, sənətkarlıq nümunələri yadelli səyyahlar və sənət adamları tərəfindən maraqla qarşılanıb. Bu dəyərlər içərisində xalçalar ən qiymətli əşya və ən gözəl hədiyyə hesab olunub. Azərbaycan xalçalarından yaradıcı şəkildə bəhrələnmək isə mühüm mədəni hadisə sayılıb. Rüstəm Mustafayev adına Milli İncəsənət Muzeyinin elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Əsədova ilə söhbətimiz bu barədədir.
   
   - Xədicə xanım, Azərbaycan xalçalarından bir sənət əsəri olaraq istifadə olunması, xalçaların təsviri sənətə gətirilməsi prosesi barədə nə deyərdiniz?
   - Xalqımızın qədim sənətkarlıq tarixində məxsusi yeri olan xalça sənəti daim əcnəbilərin diqqət mərkəzində olub. Yun və ipək tərkibli, incə ilməli, təbii boyalı, gözəl naxışlarla toxunaraq bəzədilən Azərbaycan xalçaları ölkəmizə gələn əcnəbilər üçün gözəl hədiyyə, tükənməz ilham mənbəyi və satış üçün sərfəli əmtəə məhsulu sayılıb. Xalçalara olan heyranlıq tədricən xalça kolleksiyalarının yaranmasına gətirib çıxarıb. Daha sonra onların təqlid edilməsinə cəhdlər, nəhayət, ayrı-ayrı elementlərin memarlıq, parça, çini, təsviri sənətin miniatür və digər janrlarına iqtibas edilməsi kimi böyük bir təkamül prosesi keçib.
   Məlumdur ki, Azərbaycan tarixən mühüm ticarət yollarının kəsişdiyi bir məkanda yerləşib. Bu diyara çoxlu səyyah və tacirlər gəlib. Öz mallarını satdıqları kimi, buradan da parça, xalça və boyaq maddələri alıb aparıblar. XIII əsrin sonlarından XVI əsrin əvvəllərinədək Xəzərdə venesiyalı tacirlərin ticarət gəmiləri üzüb. XIII əsrdə məşhur səyyahı Marko Polonun verdiyi məlumata görə, Azərbaycanın şəhərlərində Şərq və Qərb ölkələrində istehsal edilən bir çox mallara rast gəlinib. Məhz bu geniş ticarət əlaqələri Azərbaycan xalçalarının dünya bazarlarına daşınmasında böyük rol oynayıb. Hans Memlinq (XV əsr) “Məryəm öz körpəsiylə”, Hans Holbeyn (XV-XVI əsrlər) “Səfirlər”, Karlo Krivello (XV əsr) “Yüksəliş”, Yan Van-Eyk (XIV-XV əsrlər) “Qurbangah”, Antonello da Messino (XV əsr) “Müqəddəs Sebastian” rəsm əsərlərində Azərbaycan xalçalarından bəhrələniblər. Bu da dünyanın çox yerində xalçalarımızın geniş yayıldığına sübutdur.
   - İlk olaraq əcnəbi rəssamlar Şərq mövzusunda yaratdığı əsərlərdə hansı bölgə xalçalarına daha çox müraciət ediblər. Bu proses necə davam edib?
   - XIX-XX əsrlərdə yaşamış avstriyalı rəssam Rudolf Ernst Şərq mövzusunda yaratdığı silsilə əsərlərində Azərbaycanın Qarabağ bölgəsində toxunan xalçalara müraciət edib. O, Şərq interyerini öz gözəlliyi ilə daha da zənginləşdirən xalçaları “Çələbi”, “Nargilə”, “Xalça taciri”, “Daranma” və digər əsərlərində əbədiləşdirib. Azərbaycan xalçalarına müraciətə rus rəssamlarının tablolarında da təsadüf edilir. Tanınmış rəssam knyaz Q.Qaqarin Qafqazda olduğu illər azərbaycanlıların zəngin məişətinə və sənətkarlığına diqqət yetirib. Yaratdığı rəsmlərdə bunu əks etdirib. O, “Şamaxılı qadın” adlı rəsm əsərində musiqi alətini əlində tutmuş qadın obrazı ilə yanaşı, xalça ilə döşənən döşəməni çox peşəkarlıqla ön planda canlandırıb. Onun “Şamaxı rəqqasələri” adlı rəsmi daha maraqlıdır və baxımlıdır. Əsərdə geniş meydan, musiqiçilər, rəqqasə qadın və zəngin interyer təsvir edilib. Bu da evin dəbdəbəli olduğunu göstərir. Yerə döşənmiş xalça çox yaraşıqlıdır və onun üzərində naxışlarla bəzənmiş sıx zolaqlı enli haşiyə, açıq rəngli yerlik, stilizə olunmuş nəbati naxışları var. Rəssam evdəki zənginlik, xar-dövlətlə yanaşı, xalçanı toxuyan qızların qabiliyyətini, zövqlərini göstərib. Naməlum rəssam tərəfindən XIX əsrin ortalarında çəkilən “Şamaxı bazarı” qrafik əsəri çox maraqlıdır. Bu əsərdə etnoqrafik baxımdan böyük məlumatlar var. Belə ki, rəsmdə çəkilmiş sənətkarlıq məhəlləsi, araba, atlılar, yaşayış evləri, eyvanda duran milli geyimli kişi və qadınlar öz əksini tapıb. Şəbəkəli eyvanda sütundan asılan dəf, üzərində qəlyan və bir qədər aşağı sallanan gözəl Şirvan xalçası bu mənzərəni tamamlayır.
   - Azərbaycan xalçasını tablolarda canlandıran rəssamların əsərlərindən Milli İncəsənət Muzeyində nümunələr varmı?
   - Azərbaycan Milli İncəsənət Muzeyində xalçalarımızı tablolarda canlandıran müxtəlif rəssamların əsərləri qorunur. Tanınmış rəssam Nadir Əbdürrəhmanovun yağlı boya ilə kətan üzərində yaratdığı “Sevimli naxışlar” (1967) adlı əsəri mövzu baxımından çox maraqlıdır. Əsərdə müxtəlif rəngli kələflərdən yun ipliyi yumaqlayan qadınlar təsvir edilib. Tağı Tağıyevin “Xalça satıcısı” (1943) tablosunda satıcı oğlanın çiynindəki xalçanın fakturası, yəni xovlu olduğu, ara sahə və haşiyə zolağı, rəngləri, ayrılıqda motivləri və saçaqları belə çox aydın çəkilib. Hətta xalçanın rəng və motivləri baxımından Bakı məktəbinə aid olduğunu ehtimal etmək mümkündür. İsa İbrahimovun “Xalça ustası Şəfiqə” (1968) adlı əsərində başı örpəkli qadın yerə döşənmiş kilim üzərində oturub cəhrədə yun əyirir. Yan tərəfdə isə onu üzərində xalça toxunan hana gözləyir. İnteryerdəki hər detal, hərəkət böyük reallıqla çəkilib. Rəssamın müşahidələri kətan üzərində dəqiqliyi ilə canlandırılıb.
   Toğrul Nərimanbəyovun “Göyçay bağlarında” (1965) adlı rəsminin mövzusu nar ağacı və xalqımızın yaratmış olduğu tətbiqi sənət nümunələridir. Öz süjeti baxımından bir qədər fərqlənən növbəti rəsm əsəri Həsən Haqverdiyevin (1977) kətan üzərində yağlı boya ilə çəkdiyi “Dostluq şarjıdır”. Bu əsər Azərbaycanın tanınmış xalça ustası, rəssam Lətif Kərimova həsr edilib. Uçan xalça üzərində Lətif Kərimovun obrazı yaradılıb...
   Onu da qeyd etmək istərdim ki, bütün dövrlərdə xalça sənətinə yaradıcı şəxslər tərəfindən münasibət müsbət olub. Xalçaya həm də məişət nümunəsi, xalq sənəti, bədii sənaye məhsulu və dekorativ əşya kimi baxılıb. XXI əsrdə isə xalça artıq ümumbəşəri mədəniyyətin bir qolu kimi təqdim olunur. Milli xalça sənətimiz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar