Müasir təsviri incəsənət sərgisi
   
   Fevralın 22-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Balıq bürcü" adlı müasir təsviri incəsənət sərgisi açılacaq. Layihə Muzey Mərkəzinin incəsənət qalereyası tərəfindən təqdim olunacaq. Balıq mövzu olaraq müxtəlif millətlərin ədəbiyyatında, mifologiyasında, nağıl və əfsanələrində yer alır. Bütün dövrlərdə rəssamlar bu mövzuda əsərlər yaradıblar.
   Ekspozisiyada rəngkarlıq, qrafika, heykəltəraşlıq janrlarında əsərlər sərgilənəcək, xüsusi olaraq bu layihə üçün hazırlanmış video-instalyasiyalar təqdim olunacaq.
   Sərgidə tanınmış sənətkarlardan Rəşid İsmayılov, Bəyim Hacızadə, Mirnadir Zeynalov, Odtəkin Ağababayev, Məmmədkərim Quliyev, Arif Hüseynov, Siruz Mirzəzadə, Natiq Fərəcullayev, Eldar Babazadə, İrina Eldarova və başqalarının, eləcə də gənc rəssamların əsərləri nümayiş olunacaq.
   Azərbaycanda ilk dəfə su foto-studiyası təşkil edən fotoqraf Ruslan Məmmədov sənətsevərlərə öz yeni ultrabənövşəyi KAPA-TEX çap üsulu ilə çap edilən “Balıqçı qız” fotokompozisiyasını təqdim edəcək. Sərgi fevralın 28-dək davam edəcək.