Azərbaycan rəssamlarının əsərləri “Sotheby” satış-sərgisində

   Böyük Britaniyanın məşhur “Sotheby” hərrac evi ilk dəfə Qafqaz və Mərkəzi Asiya ölkələrinin müasir incəsənət nümunələrinin satış-sərgisini təşkil edəcək. Avrasiya Təbii Sərvətlər Korporasiyasının (ENRC) dəstəyi ilə gerçəkləşən sərgi martın 4-də Londonda, “Sotheby”nin Nyu-Bond küçəsindəki zalında açılacaq və martın 12-dək davam edəcək.
   
   “Yol ayrıcında” adlanan sərgi Qafqaz və Mərkəzi Asiya ölkələrinin ustad rəssamlarının əsərlərindən təşkil olunmuş ilk belə tədbirdir. Sərgidə 1960-cı illərin nonkonformizm və sosrealizmindən yeni bədii təcrübələrədək olan dövrü əhatə edən incəsənət nümunələri nümayiş etdiriləcək. 47 əsərin satışa çıxarılacağı satış-sərgidə qiymətlər 3 min dollardan 500 min dollara qədər dəyişir.
   Sərgi ilə bağlı məlumat verən “Sotheby” hərrac evinin icraçı direktoru və rus incəsənəti şöbəsinin müdiri Co Vikeri bildirib ki, biz Avrasiya Təbii Sərvətlər Korporasiyası tərəfindən maliyyələşdirilən sərgi-yarmarkanın keçirilməsindən çox məmnunuq və maliyyə dəstəyinə görə kampaniyaya dərin minnətdarlığımızı bildiririk: “Son zamanlar Mərkəzi Asiya və Qafqaz ölkələri inkişaf edir və bu inkişaf incəsənətdə də özünü göstərir. Bu ölkələrdə yeni kolleksiyaçılar meydana çıxır, sənət birlikləri, qalereyalar açılır. Bu maraqlı regionun incəsənəti ilə bağlı ilk sərgini “Sotheby”nin təşkil etməsi bizim üçün böyük şərəfdir”.
   Sərginin kuratoru, “Sotheby”nin rus incəsənəti şöbəsinin mütəxəssisi Suad Qarayeva isə tədbirlə bağlı deyib: “Mərkəzi Asiya və Qafqaz geniş coğrafi ərazidir, Qərbdə Xəzər dənizindən Şərqdə Çin sərhədlərinə qədər uzanır, dünyanın çoxmədəniyyətli regionlarından biridir. Bu novator sərginin məqsədi ortaq sovet keçmişinə və zəngin mədəniyyətə sahib regiona diqqəti çəkməkdir. Biz qərara gəldik ki, satış-sərgini “Yol ayrıcında” adlandıraq. Məqsədimiz bu ölkələrin əsrlərin qovuşağında həm sosial-siyasi inkişafda, həm də incəsənətdə keçid mərhələsində olduğunu vurğulamaq, habelə öz ölkələrində məşhurlaşan, indi isə əsərləri ölkə sərhədlərindən kənarda təqdim olunan rəssamların hansı təkamül yolu keçdiklərini nümayiş etdirməkdir. Sovet İttifaqının dağılmasından sonra bu ölkələr öz tarixi ənənələrini qoruyaraq, tədricən ortaq sovet irsindən ayrılıb sürətlə inkişaf edirlər. Sərgidə 1970-1980-ci illərin sosrealizm və nonkonformizm cərəyanlarından keçərək özlərinin yeni identikliyini axtaran rəssamlar təqdim olunur. Coğrafi cəhətdən Şərqlə Qərbin kəsişməsində yerləşən bu ölkələrin rəssamları öz yaradıcılıqlarında xalq ənənələri və folkloru ilə müasir Qərb təcrübəsini sintez edirlər.
   Qeyd edək ki, “Yol ayrıcında” satış-sərgisində Azərbaycanın tanınmış rəssamlarından Tahir Salahov, Toğrul Nərimanbəyov, Mirnadir Zeynalov, Cavad Mircavadov, Əşrəf Murad, Faiq Əhməd, Altay Sadıqzadə, Aydan Salahova, Mahmud Rüstəmov və Rasim Babayevin əsərləri təqdim olunacaq. Dünya şöhrətli fırça ustası, SSRİ Xalq rəssamı Tahir Salahovun yaradıcılığında portret janrı mühüm yer tutur. Görkəmli mədəniyyət xadimlərinin parlaq obrazlarını yaratmış sənətkar sovet rəssamlığında “sərt üslub”un tanınmış nümayəndələrindəndir. Rəssamın 1987-ci ildə yağlı boya ilə çəkdiyi “Dmitri Şostakoviçin portreti” ümumi forma və lakonikliyi, işıq və kölgə fərqi ilə bu janr üçün səciyyəvi xüsusiyyətləri ilə seçilir.
   Satış-sərgidə Gürcüstandan nonkonformizmin parlaq nümayəndəsi Avto Varazi, Qazaxıstandan Almagül Menlibayeva, Özbəkistandan Camol Usmanov, Qırğızıstandan Alimcan Jorobayev və başqalarının əsərləri nümayiş olunacaq.
   Qeyd edək ki, “Sotheby” 1744-cü ildən sənət əsərləri kolleksiyaçılarını öz ətrafında cəmləyir və dünyanın ilk beynəlxalq hərrac evidir. Bu gün “Sotheby” Nyu-York, London və Parisin onlarla satış mərkəzlərində hərraclar təşkil edir, 40 ölkədə 90-dan çox ofis şəbəkəsinə malikdir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar