Yeraltı dünyanın sakinləri sənət əsərlərində
   
   Fevralın 22-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində “Balıq bürcü” adlı müasir təsviri incəsənət sərgisi açıldı. Açılışda çıxış edən Xalq rəssamı Arif Hüseynov sərginin maraqlı mövzuya həsr olunduğunu bildirdi. Qeyd olundu ki, balıqlar bir çox sivilizasiyaların, xalqların həyatında simvolik mənalar daşıyıb. Bu baxımdan sərgi əlamətdar mədəniyyət hadisəsi kimi diqqəti cəlb edir. 

   Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin Dekorativ-tətbiqi sənət sektorunun müdiri Qalib Qasımov sərgiyə maraqlı işlərin təqdim olunduğunu dedi. Qeyd etdi ki, nümayiş olunan rəngkarlıq, qrafika, heykəltəraşlıq, foto işləri və video görüntülər dəniz ab-havasını canlandırır.
   Muzey Mərkəzinin direktoru Liana Vəzirova balıq bürcü altında doğulanları təbrik etdi. Bir-birinin əksinə üzən iki balığın harmoniya simvolu olduğunu vurğuladı. “Günay” Uşaq Teatrı H.X.Andersenin “Su pərisi” nağılından bir parçanı nümayiş etdirdi.
   Sonra simvolik olaraq dəniz rəngini ifadə edən mavi lentlər kəsildi və sərgi açıq elan edildi. Sərgidə tanınmış sənətçilərdən Rəşid İsmayılov, Bəyim Hacızadə, Mirnadir Zeynalov, Arif Hüseynov, Odtəkin Ağababayev, Məmmədkərim Quliyev, gənc sənətçilərdən Məmməd Rəşidov, Telman Şıxəliyev, Anar Hüseynzadə, Nigar Babayeva, Leyla Altunay və digərlərinin əsərləri nümayiş olunurdu.
   Yeraltı dünyanın sakinlərini - balıq, su pəriləri, akula, delfin və s. canlandıran uşaqlar da sərgiyə rəng qatmışdılar. İlk dəfə olaraq fotoqraf Ruslan Məmmədov öz yeni ultrabənovşəyi KAPA-TEX çap üsulu ilə hazırlanmış “Balıqçı qız” fotokompozisiyasını təqdim etdi.
   Zalların birində isə simvolik “arzular ağacı” yer alırdı. Sərgi iştirakçıları balıq formalı kağızlara yazılan arzularını həmin ağaca asırdılar.
   Qeyd edək ki, sərgi fevralın 28-dək davam edəcək.
   
   Reyhan İsayeva