Fevralın 26-da Parisdəki Azərbaycan Mədəniyyəti Mərkəzində Heydər Əliyev Fondunun, Heydər Əliyev Mərkəzinin və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə fransız rəssamı Reno Baltzinjerin Xocalı faciəsinə həsr etdiyi rəsm əsərlərindən ibarət sərginin vernisajı keçirilib. “Xocalı faciəsi” adlı sərgidə rəsm əsərləri ilə yanaşı, qanlı faciə ilə bağlı fotolar da nümayiş etdirilib.
   
   Qonaqları salamlayan ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov erməni silahlı dəstələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc əhaliyə qarşı törətdiyi qətliam barədə məlumat verib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zəminində törədilən soyqırımının ümumilikdə bəşəriyyətə qarşı cinayət olduğunu vurğulayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən “Xocalıya ədalət!” kampaniyasının keçirildiyini xatırladan səfir ədalətin zəfər çalması üçün minlərlə insanın bu kampaniyaya qoşulduğunu bildirib. Bu faciəvi hadisələrin Meksika, Pakistan və digər ölkələr tərəfindən soyqırımı kimi tanındığını diqqətə çəkən diplomat Amerikanın bir çox ştatlarının Xocalı faciəsini Azərbaycan xalqına qarşı soyqırımı kimi dəyərləndirdiklərini vurğulayıb, Xocalı soyqırımının fransız siyasətçiləri tərəfindən də tanınacağına ümidvar olduğunu deyib.
   Qeyd olunub ki, sərgidə təqdim olunan əsərlər Azərbaycanın Fransadakı səfirliyinin mədəniyyət məsələləri üzrə əməkdaşı, həyatdan vaxtsız getmiş Hüq Baltzinjerin qardaşı Reno Baltzinjerə məxsusdur. Sorbon Universitetinin doktorantı Leyla Cəfərova bildirib ki, rəssam Reno Baltzinjer qardaşının Azərbaycanı Fransada tanıtmaq istəyini yerinə yetirərək Xocalı faciəsi ilə bağlı rəsmlər çəkib. Bu tablolar üzərində iki il işləyən Reno Baltzinjer Xocalı faciəsini öz əsərlərində canlandıran ilk fransız rəssamıdır.
   Senator Natali Qule çıxışında Azərbaycanı Fransada tanıtmaq istiqamətində Heydər Əliyev Fondu və Azərbaycan parlamenti ilə birlikdə çalışdığını, Senatda Fransa-Qafqaz Dostluq qrupunun vitse-prezidenti kimi fəaliyyət göstərdiyini, dəfələrlə ölkəmizə səfər etdiyini bildirib, Azərbaycan tarixini və mədəniyyətini tanıtmağın vacibliyini diqqətə çatdırıb.
   Sonra iştirakçılar sərgi ilə tanış olublar.