Sənətkarlıq xalqlar arasında mövcud olan dostluq əlaqələrini bir-birinə daha da sıx bağlayır. Fevralın 19-da Parisdə açılan “Azərbaycan - ənənəvi və müasir incəsənəti” sərgisi də bu amala xidmət edir. Martın 4-dək davam edəcək sərgi Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqı tərəfindən təşkil edilib. Sərgini keçirməkdə məqsəd fransalıları Azərbaycanın xalq sənətkarlığı ilə tanış etmək, xalqımızın mədəniyyətinin zənginliyini paylaşmaqdır.
   
   Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyindən verilən məlumata görə, sərgidə Azərbaycanın müasir sənətkarlarının qədim ənənələr üzərində köklənmiş əl işləri - xalça və xalça məmulatı, batika, tikmə, şəbəkəbənd, zərgərlik, metal, ağac, keramika və s. nümunələr yer alıb. Xalçaçı-rəssamlar A.Rəcəbov, M.Hüseynov, L.Qarayeva, T.Abdullayeva, L.Xudayarova, N.Kornetova, M.Zeynalovanın əl işləri, “Əfşan”, “Namazlıq”, “Qobustan”, “Günəş”, “Əncir ağacı” və s. xovlu xalçaları, “Palaz” xovsuz xalçası, “Xurcun”, “Çanta” kimi xalça məmulatları, eyni zamanda B.Bəşirova, H.Məmmədzadə, R.İsmayılov və Ə.İsmayılovun keçə, çətən, xovsuz xalça nümunələri, müasir quruluşu və toxunuşu ilə diqqəti cəlb etsə də, ənənəvi xalça məktəblərinə əsaslanıb. Bu ənənələrin cəlbedici nümunəsi Xalça Muzeyinin nadir eksponatlarından olan “Dəstərxan”ın surətidir.
   Batika ustaları İ.Kostina, T.Ağababyeva, M.Nağıyev və N.Zaytsevin “Simurq”, “Xəzər mələyi”, “Saqi”, “Violençi qadın” və s. əsərlərində sanki doğma vətənimizin rəngləri həkk olunub. İncə zövq və böyük bacarıqla işlənmiş “Pirəbədil”, “Quba”, “Şərəbənd”, “Buta” və s. tikmələrdə müəlliflər - Ş.Əsgərova, Z.Fərhadova, G.Xəlilova, S.Səlimli, N.Əzizova, H.Hacımustafazadə, S.İsmayılov, X.Nəsirova, H.Əhmədova, Z.Seyidəliyeva, B.Əliyeva, G.Behbudova yun, ipək saplardan, parça və muncuqlardan istifadə edərək təkəlduz, qurama texnikası ilə nəfis sənət əsərləri yarada bilmişlər. M.Hacıyeva şəbəkəbənd texnikası ilə toxunmuş “Butalı” və “Dekorativ süfrə” sərgiyə başqa bir gözəllik qatır.
   Zərgərlik sənəti E.Şamarayev, S.Baloğlanova, V.Xudaverdiyevin və Z.Rüstəmovun şəbəkə, quraşdırma, nəqqaşlıq və s. texnikalarda gümüşdən və müxtəlif daş-qaşlardan hazırlanmış sənətkarlıq nümunələri ilə təmsil olunur.
   Ağac və metal üzərində oyma ənənəvi sənətkarlıq növlərindən biridir. Ağac oymalara O.Həşimov, A.Həsənov, İ.Babayev, C.Quliyev, Ə.Məmmədov, A.İmanovun “Mücrü”, “Nar”, “Sarmaşıq”, “Natürmort” kimi əsərlərində, metal məmulatlara isə N.Əyyubovun, K.Əliyevin, R.Əyyubovun, H.Əyyubovun, Şaiq və T.Əliyevin əl işləri olan “Sərpuş”, “Məcməyi”, “Çıraq” və s. əsərləri ən gözəl nümunələrdir.
   R.Bağırovun, S.Məmmədovun, C.Bayramlının, Ə.Əliyevanın, N.Sultanovanın, A.Məzairin “Dekorativ bulud”, “Qobustan”, “Həkimdədir”, “Leyli və Məcnun”, “Nizami” əsərləri müasir keramika sənətinin gözəl nümunələri kimi diqqət çəkir.
   T.Qurbanovanın və N.Babayevanın hazırladığı milli gəlinciklərdə Azərbaycan məişətini və geyimlərini, S.Bağırzadənin quru çiçəklərdən hazırlanmış “Zəfəranlıq” kompozisiyasında isə təbiətimiz bacarıqla əks etdirilib.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar