Azərbaycan Milli İncəsənət Muzeyinin İnnovasiya və xarici əlaqələr şöbəsinin müdiri Əminə Məlikova martın 1-dən 4-dək Danimarka paytaxtı Kopenhagendə səfərdə olub.
“MAERSK” şirkətinin dəstəyi ilə gerçəkləşən səfər zamanı şöbə müdiri Danimarka Milli Muzeyinin baş direktoru Per Kristian Metsen və “Luiziana” muzeyinin nümayəndəsi Anders Kouldla görüşüb.
Danimarka Milli Muzeyi ölkənin ən böyük tarixi-mədəni sərvətidir. Onun tərkibində bir neçə muzey, o cümlədən açıq səma altında muzey fəaliyyət göstərir. Burada turistlər vikinqlərin gəmisində orta əsr qəsrinə səyahət edə bilərlər.
Baş direktor P.K.Metsen Azərbaycan Milli İncəsənət Muzeyi və ölkəmizin mədəni irsi ilə tanışlıq məqsədilə Bakıya dəvət olunub. Görüş zamanı təcrübə mübadiləsi və Bakıda vikinq incəsənəti sərgisinin təşkili təklif olunub.
Kopenhagen yaxınlığındakı Humleben şəhərində qeyri-adi “Luiziana” muzeyi yerləşir. Təbiətlə həmahəng dəniz görünüşünə malik muzey nadir heykəllərlə əhatə olunub. Burada 3000-dən artıq müasir incəsənət nümunəsi olan ən böyük kolleksiya toplanıb. Azərbaycan tərəfinin dəvəti ilə muzeyin nümayəndəsi Anders Kould bu il 18 may - Muzeylər Günü münasibətilə Bakıya səfər edəcək. Səfər zamanı qonaq “Bugünkü muzeylər müvəffəqiyyətin açarıdır” mövzusunda seminarın keçirilməsini planlaşdırır. Seminar çərçivəsində XXI əsrin muzey innovasiya layihələrinin təqdimatı, diskussiya və treninqlər təşkil olunacaq. Tədbirdə hər iki ölkənin muzey əməkdaşları iştirak edəcəklər. Beləliklə, iki qədim mədəniyyətlərin dialoqunda, o cümlədən muzeylərin əməkdaşlığında yeni səhifə açılır.