Azərbaycan rəssamlarının əsərləri “Sotheby” sərgisində
   
   Böyük Britaniyanın məşhur “Sotheby” hərrac evi ilk dəfə Qafqaz və Mərkəzi Asiya ölkələrinin müasir incəsənət nümunələrinin satış-sərgisini təşkil edib.
   Avrasiya Təbii Sərvətlər Korporasiyasının (ENRC) dəstəyi ilə gerçəkləşən “Yol ayrıcında” adlı sərgi martın 4-də Londonda, “Sotheby”nin Nyu-Bond küçəsindəki zalında açılıb.
   Martın 12-dək davam edəcək sərgi Qafqaz və Mərkəzi Asiya ölkələrinin ustad rəssamlarının əsərlərindən təşkil olunmuş ilk belə tədbirdir. Sərgidə 1960-cı illərin nonkonformizm və sosrealizmindən yeni bədii təcrübələrədək olan dövrü əhatə edən incəsənət nümunələri nümayiş olunur. Ümumilikdə 47 əsərin satışa çıxarıldığı sərgidə qiymətlər 3 min dollardan 500 min dollar arasında dəyişir.
   Sərginin kuratoru “Sotheby”nin rus incəsənəti şöbəsinin mütəxəssisi Suad Qarayevadır.
   “Yol ayrıcında” satış-sərgisində Azərbaycanın tanınmış rəssamlarının əsərləri nümayiş olunur. Dünya şöhrətli fırça ustası, SSRİ Xalq Rəssamı Tahir Salahovun yaradıcılığında portret janrı mühüm yer tutur. Sərgidə rəssamın 1987-ci ildə yağlı boya ilə çəkdiyi “Dmitri Şostakoviçin portreti” təqdim edilir. Görkəmli sənətkar Toğrul Nərimanbəyovun “Dədə Qorqud” illüstrasiyaları silsiləsindən “Ceyran ovu” (1974) əsəri də satış-sərgiyə çıxarılıb. Burada həmçinin Mirnadir Zeynalov, Cavad Mircavadov, Əşrəf Murad, Faiq Əhməd, Altay Sadıqzadə, Aydan Salahova, Mahmud Rüstəmov və Rasim Babayevin əsərləri sərgilənir.
   Satış-sərgidə Gürcüstandan Avto Varazi, Qazaxıstandan Almagül Menlibayeva, Özbəkistandan Camol Usmanov, Qırğızıstandan Alimcan Jorobayev və başqalarının əsərləri də yer alıb.
   “Sotheby” 1744-cü ildən sənət əsərləri kolleksiyaçılarını öz ətrafında cəmləyir və dünyanın ilk beynəlxalq hərrac evidir. Bu gün “Sotheby” Nyu-York, London və Parisin onlarla satış mərkəzlərində hərraclar təşkil edir, 40 ölkədə 90-dan çox ofis şəbəkəsinə malikdir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar