Martın 6-da Bakı Rəsm Qalereyasında gənc rəssam Mina Tanrıverdiyevanın “Zərifliyə doğru” adlı ilk fərdi sərgisi keçirildi.

Açılışda çıxış edən qalereyanın direktoru Eldəniz Babayev bildirdi ki, professional rəssamlarla yanaşı, gənc istedadların üzə çıxarılması məqsədilə mütəmadi olaraq sərgilər keçirilir: “8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə gənc rəssam Mina Tanrıverdiyevanın ilk fərdi sərgisini təşkil etmişik. Ümid edirik ki, yaratdığı əsərlərdə yeni forma və üslub axtarışlarında olacaq, bir-birindən maraqlı əsərlər yaradacaq”.
Sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev gənc rəssamı təbrik edərək belə sərgilərin keçirilməsini yaradıcı insan üçün stimul olduğunu vurğuladı. Sərgidə digər çıxış edənlər də rəssam xanıma gələcək işlərində uğurlar dilədilər.
Sonda Mina Tanrıverdiyeva çıxış edərək hər kəsə təşəkkürünü bildirdi. Gənc rəssam on ilə yaxındır ki, bu işlə məşğul olduğunu dedi: “Atamın rəssam olması məndə bu sənətə böyük həvəs oyatdı. Bu incəlikləri yaratmaq üçün insanda istedadla bərabər səbir də vacibdir. Əsərlərimdə qurudulmuş güllər, balıqqulağı, meyvə tumlarından hazırlanan rəsmlər, əl toxumaları yer alır”.
Çıxışlardan sonra sərgiyə baxış keçirildi. 30-a qədər əsərin nümayiş olunduğu ekspozisiyada bədii tikmə rəsm, kollaj, qarışıq texnika və əsasən floristika janrında rəsmlər yer alır. Sərgi martın 8-dək davam edəcək.

Reyhan