Ötən ay Muzey Mərkəzində paytaxtın Əhmədli qəsəbəsindəki Rəssamlar evində fəaliyyət göstərən fırça ustalarının əsərlərindən ibarət “Rənglərin dialoqu” adlı sərgi keçirildi. Sərgidə iki rəssamın - ata və oğul - Rəfael Muradov və Vüqar Muradlının əl işləri diqqətimi xüsusilə cəlb etdi. Tədbirdə iştirak edən sənətşünasların, tanınmış rəssamların da onların işləri haqqında müsbət fikirlərini eşitdikdən sonra bu iki sənət adamı ilə yaxından tanış olmaq qərarına gəldim. Ata və oğulla Əhmədlidəki Rəssamlar evində görüşdüm.
Uşaqlıq arzusunun ardınca
Əvvəlcə Vüqar Muradlı ilə söhbət etdim. Dediyinə görə, uşaqlıqdan rəssam olmağı arzulayıb. Atası onun sənət seçiminə qarışmayıb, yalnız: “Çalış, heç bir sənətdə yarımçıq olma” deyib. Yeniyetməlik dövründə bir ara fikrindən başqa peşələr keçsə də, rəssamlığa meyli üstün gəlib.
8-ci sinfi bitirdikdən sonra Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olub. Burada 3 il sənətin sirlərini öyrənib. Sonra Mədəniyyət və İncəsənət Universitetinin rəngkarlıq fakültəsində təhsil alıb. İlk dəfə əl işi Rəssamlar İttifaqında təşkil olunan sərgidə nümayiş olunub. Abşeron mənzərəsi ilə bağlı rəsm çoxlarının marağına səbəb olub.
Onun əl işləri insanı düşünməyə vadar edir. Bəzən müəllifin nəyi ifadə etmək istəməsi ilə bağlı daxilində gedən “tap-tapmaca” oyunundan zövq də alırsan. Bəzən suallar artır, rəssamın nə demək istəməsi ilə bağlı təxminlər yaranır...
İşıq təsviri... Yerlə göyü birləşdirən nur selinin göydən yerəmi səpələndiyini, yoxsa, yerdən göyəmi ucaldığını anlamağa çalışırsan. Sanki müəllif sənət əsərini olduğu kimi - onun bütün daxili düşüncələri ilə birlikdə - anlamaq üçün rəsmi bütövlükdə “oxumağı”, qavramağı tələb edir. İstər-istəməz özünlə söhbət edib, axtarırsan, bənzədirsən, rəng çalarları səni öz sehrinə alır. Bir də onda ayılırsan ki, onun rəssamlıq dünyasının sehrindəsən...
Gənc rəssam ağ rəngi çox sevir. Amma istədiyi kimi istifadə edə bilməməsindən gileylənir, səbəb göstərmədən “hələ ki, istədiyim kimi alınmır” deyir.
“Əsər sənət baxımından düz işlənibsə, gec-tez yerini tapacaq”
Rəssamlığın öyrənməklə bitməyən bir sənət olduğunu deyən həmsöhbətim indiyədək əl işlərini müxtəlif ölkələrdə - Almaniyada, İranda, Rusiyada, Misirdə və s. nümayiş etdirib. 2002-ci ildə “İlin gənc rəssamı” seçilib. Rəsmlərində ciddi kompozisiyalar, tematik mövzular üstünlük təşkil edir. Hər birində də ayrıca “mənəvi dünya” duyulur.
Fərdi sərgi təşkil etməyə isə hələlik tələsmir: “Sərgi ilə tamaşaçı qarşısına çıxmaq məsuliyyətli işdir. Bu bir növ hesabatdır. Fərdi sərgimi gələn il üçün planlaşdırıram və tamaşaçılara, sözün əsl mənasında, sənət işləri təqdim etmək istəyirəm. Məncə, hər bir rəssam özünə qarşı tələbkar olmalıdır. Bəzən elə işlər olur ki, tamaşaçı onu dərhal qəbul etmir, belə əsərlərə zaman qiymət verir. O mənada işimə baxıb məna tapmayanlar da olur və bu məni narahat etmir. Əgər mən o əsəri sənət baxımından düz işləmişəmsə, gec-tez öz yerini tapacaq, seviləcək”.
Həmsöhbətim Mədəniyyət və Turizm Nazirliyinin istedadlı gənclərə dəstəyindən də razılıqla danışır və hər bir sərgi üçün seçilən əsərin əslində böyük məsuliyyət yükü olduğunu deyir: “Nazirlik gənclərə meydan verir. Amma bu o demək deyil ki, hər iş sərgiyə verilə bilər. Sərgi üçün əsər seçərkən çox məqamı nəzərə almalısan. Düşünməlisən ki, tamaşaçılar arasında, sadə izləyici ilə yanaşı, ciddi sənət adamları da var, özünə, öz əl işinə onların gözü ilə də baxmağı bacarmalısan”.
Yaradıcılıq emalatxanalarına ekskursiyalar
Vüqar Muradlı söhbət zamanı bir məqama da toxundu. Bildirdi ki, rəssamların geniş ictimaiyyətlə görüşləri əsasən sərgilər vasitəsilə olur. Amma bu əlaqələri artırmaq üçün müəyyən yeniliklər etmək olar: “Məsələn, biz ötən ay Əhmədli rəssamlarının sərgisində iştirak etdik. Bu, çox maraqlı bir tədbir idi. Amma həmin sərgidə rəssamların bəziləri bu və ya digər səbəbdən iştirak edə bilmədi. Üstəlik nəzərə alsaq ki, sərgidə hər rəssamın 2-3 əsəri nümayiş olunur, deməli, rəssamın yaradıcılığı haqqında tam təsəvvür formalaşmır. Bu mənada istərdim ki, rəssamların yaradıcılıq emalatxanalarına ekskursiyalar təşkil olunsun. Məsələn, müəyyən bir gün “açıq qapı” günü elan edilə bilər. Bu, sənətlə maraqlananlar, əcnəbi qonaqlar, rəsm əsərləri almaq istəyənlər üçün də maraqlı olar. İnsanlar hər rəssamın ən yaxşı halda sərgidə 3-4 rəsmini görə bilirlər. Amma emalatxanaya gəlsələr, çoxlu əl işini görər, tanışlıq yaranar, rəsm çəkmə prosesini izləyə bilərlər. Digər baxımdan rəssamlar yaradıcı mühitdən ayrılmamaqla sifarişlər alarlar. Ən əsası, tamaşaçıların sənət naminə onun yanına gəlməsi rəssamlar üçün mühüm stimuldur”.
“Rənglər bitməyən dəryadır”
Vüqar Muradlı ilə söhbət edə-edə Rəfael Muradovun emalatxanasına keçirəm. “Bəlkə də rəssamların ən böyük ortaq cəhətlərindən biri emalatxanalarının eyni “səliqədə” olmasıdır” - deyə düşünürəm. Üst-üstə yığılmış, çərçivələrsiz rəsmlər arasında söhbətimi onunla davam etdirirəm.
1943-cü ildə Bakının Buzovna kəndində anadan olan Rəfael Muradov 1966-cı ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. Öyrənirəm ki, Rəfael Muradov sənətdə ilk addımlarını sovet rəssamlığında “sərt üslub”un aparıcı olduğu 60-cı illərdə atıb. Gənclik illərində “Abşeron məktəbi”nə meyl göstərib. Onun bu seçimində Səttar Bəhlulzadə, Mircavad Cavadov, Fərhad Xəlilov və digər rəssamların bu məktəbə xas olan estetik dəyərləri də mühüm rol oynayıb.
Gənc rəssama həmkəndlisi və müəllimi Arif Əsgərovun göstərdiyi mənəvi dəstək onun qətiyyətini daha da artırıb.
1966-cı ildən respublika və ümumittifaq sərgilərində iştirak etməyə başlayıb.
1976-cı ildən Rəssamlar İttifaqına üzv qəbul edilib. Əməkdar rəssamdır. Əsərləri Milli İncəsənət Muzeyində, Dövlət Rəsm Qalereyasında, ABŞ, Türkiyə, Almaniya və s. ölkələrdə kolleksiyalarda saxlanılır. 1970-ci ildə Cənubi Qafqaz, 1988-ci ildə Xəzəryanı ölkələrin rəssamlarının sərgisində iştirak edib. 1989-cu ildən bəri təşkil olunan Azərbaycan-Almaniya rəssamlarının birgə sərgisinin daimi iştirakçısıdır.
2003-cü ildə “Azərbaycanlıların soyqırımı” mövzusunda keçirilən respublika müsabiqəsində “Faciələrimiz” adlı qrafik triptixinə görə II mükafata, həmin il Sərhəd Qoşunlarının həyatına həsr olunmuş müsabiqədə “Sərhəd gəmiçiləri” adlı qrafik lövhəsinə görə III mükafata layiq görülüb.
Sənətdə 50 ildən artıq yol gəlmiş həmsöhbətimdən rəssamlıq barədə fikirlərini soruşuram. Deyir, hələ də bu sənətin sirlərini öyrənirəm: “Rənglər bitməyən dəryadır. O qədər çalarlar var ki... Yaradıcılıq prosesində elə məqamlar var ki, onları ifadə edə bilmirəm. Sənət həmişə axtarışda olmağı tələb edir”.
Rənglərin dediyini anlamağa çalış
Əsərlər rəssamın yaradıcılığının ən müxtəlif dövrlərini əhatə etsə də, hamısını bir sənət və sənətkar üçün önəmli sayıla biləcək məziyyət - səmimilik səciyyələndirir. Kimlərsə təbiət gözəlliklərinin vəsfi üçün çox-çox uzaq yerlərdə mənzərələr axtarır, Rəfael Muradov isə bu qeyri-adiliyi, gözəlliyi elə Bakıətrafı kəndlərdə tapıb. Buzovna, Qala, Maştağa və Bilgəh təbiətinin dəyişkən mənzərəsi “Köhnə qala”, “Günəşli gün”, “Abşeron”, “Xəzri”, “Bahar”, “Fəsillər” əsərlərində, sözün əsl mənasında, rəng selinə düşüb desək, yanılmarıq. Bu əsərlər ovqatın təzələnməsinə xidmət edir.
Onun nağıllar dünyasından “boylanan” bayquşu (“Nağıl”), qoca quşsatanı əhatələyən qəfəsləri (“Qəfəs”), insanın ruh dünyasından bəhs edən təzadlı yaşantıları (“Allahu-əkbər”), dərdini şamlarla bölüşən dahi qəzəlxanı (“Şəbi-hicran”), faciə burulğanından harayına hay istəyib hayqıran vətənpərvər xanəndəsi (“Qarabağ şikəstəsi”, silahlanmaya etiraz ifadə edən “Haqq tərəzisi” bu mənada düşündürücü və təsirlidir.
Rəfael Muradov mənəvi-dini dəyərləri həmişə dünyanı, özünü daha yaxşı dərketmə vasitəsi kimi qəbul edir, onları əsərlərinə gətirməklə insanların bəsirət gözünün açılmasına yardım etməyə çalışıb. Odur ki, “Çildağ”, “Əshabi-Kəhf”, “Adəm və Həvva”, “Faciə” əsərləri duyulmağa ehtiyacı olan fəlsəfi-psixoloji yükünə görə tamaşaçını suallar burulğanına salır. Özünü, dünyanı dərk etməyə çağırır.
Bu il 70 yaşını qeyd edən rəssam yorulmadan işləyir, yaşayır, yaradır... Öz sənətinə, rənglər aləminə həmişə sadiqdir. Oğlunun da öz üzərində daha çox çalışmasını, öz sözü, dəst-xətti ilə seçilməsini istəyir. Eyni məkanda çalışırlar, ata-oğul, müəllim-tələbə, simsar, həmkar kimi...
Fırça ustası Abşeron rəssamlarının ayrıca sərgisinin keçirilməsini də arzulayır: “Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi sərgilərdə iştirak edirəm. Sonuncu dəfə Xocalı mövzusunda sərgiyə qatılmışdım. İstərdim, sərgidən sonra əsərlər seminar şəklində müzakirəyə çıxarılsın. Gənclərə istiqamət verilsin, sənət söhbətləri aparılsın”.
Ceyhun Zərbəliyev