Respublikamızda zəngin sənət və təhsil ənənələri ilə seçilən tədris ocaqlarından biri də Bakının Suraxanı rayonundakı 3 saylı uşaq incəsənət məktəbidir. 1935-ci ildə əsası qoyulan məktəbin adı həmişə qabaqcıllar sırasında olub.
   
   Azərbaycan və rus dillərində təhsil alan şagirdlər sonradan keçmiş SSRİ məkanında, Avropada təhsillərini davam etdiriblər. Xalq artistləri Ağaxan Abdullayev, Ağasəlim Abdullayev, Əməkdar incəsənət xadimi Məmmədağa Umudov, Əməkdar rəssam Qəyyur Yunus, Əməkdar mədəniyyət işçisi Elçin Abbasov və digər tanınmış sənət adamları bu məktəbin yetirmələridir.
   Məktəb zəngin ənənələrini indi də davam etdirir. Uşaq və yeniyetmələrin yaradıcı təxəyyülünün inkişafında məktəb rəhbərliyinin xidməti böyükdür. 2006-cı ildən məktəbə rəhbərlik edən Dəyanət Quliyev musiqini, incəsənəti dərindən qavrayan istedadlı şagirdlərə həmişə dəstək olur. Qazanılan uğurlara nəzər salsaq görərik ki, məktəbin 2007-ci ildə 15, 2008-ci ildə 7, 2009-cu ildə 26, 2010-cu ildə 24, 2011-ci ildə 19, 2012-ci ildə isə 18 yetirməsi Bakı Musiqi Akademiyasına, Mədəniyyət və İncəsənət Universitetinə, Rəssamlıq Akademiyasına, digər ali və orta ixtisas məktəblərinə daxil olub. Bu gün məktəbdə dərs deyən müəllimlərin bir çoxu da vaxtilə bu tədris ocağında oxuyub.
   Bu günlərdə 3 saylı uşaq incəsənət məktəbində olarkən tədris işləri üzrə direktor müavini Elmira Məmmədova ilə söhbət zamanı öyrəndik ki, o özü fortepiano müəllimidir və 40 ildir ki, burada çalışır. 2010-cu ildə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən keçirilən “İlin müəllimi” müsabiqəsinin qalibi olub. Elmira müəllimə bildirdi ki, məktəbdə fortepiano, simli, nəfəsli, xalq çalğı alətləri, nəzəriyyə, incəsənət şöbələri yaradılıb. Tar, kamança, qarmon, saz, kanon, balaban, xoreoqrafiya, klarnet, fleyta, trombon, skripka və rəsm ixtisasları üzrə 530-dan çox şagird təhsil alır. Məktəbin 33 sinif otağı, 70 yerlik konsert zalı, zəngin kitabxanası, internet şəbəkəsi şagirdlərin ixtiyarına verilib.
   Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakı şəhərinin qabaqcıl musiqi məktəblərinə Azərbaycanın rayonlarındakı musiqi məktəblərini himayəyə götürmək tapşırılıb. 3 saylı uşaq incəsənət məktəbi də Qobustan rayonunun Mərəzə və Təklə kənd musiqi məktəbləri ilə sıx əlaqə yaradaraq, il ərzində “açıq dərs”lər keçirir, konsert proqramı təşkil edir. Onu da qeyd edək ki, 3 saylı uşaq incəsənət məktəbi 2012-ci ildə mədəniyyətin və təhsilin inkişafındakı xidmətlərinə görə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən “İlin ən fəal məktəbi” adına layiq görülüb.
   Məhz görülən işlərin nəticəsidir ki, məktəbin uğurlarının sorağı uzaqlardan gəlir. Lalə İbrahimovanın rəhbərlik etdiyi “Şənlik” rəqs ansamblı 2012-ci il ilin mayında Şimali Osetiyanın (Rusiya) Vladiqafqaz şəhərində uşaq rəqs kollektivlərinin II beynəlxalq rəqs festivalında III yerə layiq görülərək laureat adını qazanıb. Məktəbdə ölkəmizi layiqincə təmsil edəcək istedadlı uşaq və yeniyetmələr çoxdur. Türkan Məbudlu Sankt-Peterburq şəhərində “Dünya uşaqların gözü ilə” sərgisində, Aytəkin Feyzullayeva Polşada rəsm sərgisində, Hüseyn Rzayev, Leyla Məmmədova, İbrahim İsrafilov “Misir uşaqların gözü ilə” beynəlxalq sərgisində, Vüsalə Cəfərli Qırğızıstanda MDB ölkələri arasında keçirilən rəsm müsabiqəsində, Fərhad Qarayusifli Türkiyədə gənc ifaçıların XIV beynəlxalq müsabiqəsində, İbrahim Nəsrullayev Estoniyada VII beynəlxalq vokal müsabiqəsində medal, diplom və mükafatlara layiq görülüblər. Respublika səviyyəli müsabiqələrdə də məktəbin şagirdlərinin çoxsaylı uğurları var. 2012-ci ildə xalq çalğı alətləri üzrə II respublika müsabiqəsində Yunis Məmmədov, Şaban İsazadə, Hikmət Abdullayev, Şirzad Xanlaroğlu laureat adını qazanıblar.
   Məktəbdən ayrılarkən direktor Dəyanət Quliyev pedaqoji kollektiv adından burada son illərdə yaradılan gözəl şəraitə, o cümlədən tədris ocağının internet şəbəkəsi, yeni texniki avadanlıq və kompyuterlərlə təhciz edilməsinə görə Mədəniyyət və Turizm Nazirliyinə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə minnətdarlığını çatdırmağı xahiş etdi.
   
   Təranə Cəbiyeva






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar