Aprelin 2-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzinin sərgi qalereyasında Almaniyada yaşayan azərbaycanlı rəssam, Azərbaycanın Əməkdar incəsənət xadimi İbrahim Əhrarinin 75 illiyi münasibətilə yubiley sərgisi açılıb.
   
   Açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev rəssamın insani keyfiyyətlərindən və yaradıcılıq yolundan söz açdı. Bildirdi ki, İbrahim Əhrari müxtəlif ölkələrdə, o cümlədən Almaniyada böyük nüfuzu olan rəssamlardan biridir. O, Almaniyada yaşasa da, vətəninə qəlbən bağlı azərbaycanlıdır: “Biz bu gün böyük fəxrlə onun sərgisini sizlərə təqdim edirik. Biz dəfələrlə Azərbaycan adına onun təmənnasız işlərinin şahidi olmuşuq. O, Berlinin Şteqlits-Selendorf inzibati dairəsindəki məşhur Qotfrid-Benn kitabxanasının həyətində 2011-ci ildə ucaldılmış "Xocalı" abidəsinin təşəbbüskarı və müəlliflərindən biridir. Rəssam elə həmin il Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə" mükafatına layiq görülüb. Ölkə başçısının sərəncamına əsasən, rəssama Əməkdar incəsənət xadimi fəxri adı verilib. 2007-ci ildə yaradılan "Berlin-Bakı" qalereyasının rəhbərlərindən biri olan rəssam yorulmadan Azərbaycan naminə çalışır, ölkəmizi Avropada layiqincə təmsil edir”.
   Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyev tanınmış rəssamın yubiley sərgisini nəcib iş kimi dəyərləndirdi: “İbrahim Əhrari əsl vətəndaş, vətənini bütün qəlbi ilə sevən azərbaycanlı sənət adamıdır. Mən hər dəfə onunla görüşəndə yeni keyfiyyətlər kəşf etmişəm, onun ümumi və dəyişməyən keyfiyyəti isə təpədən-dırnağa qədər azərbaycanlı olmasıdır. O, Azərbaycan mədəniyyətinin, həqiqətlərinin Avropada tanıdılması üçün böyük işlər görüb, ölkəmizi uğurla təmsil edib. Rəssam kimi də öz dəst-xətti, üslubu olan sənətkardır”.
   Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle də yubilyarı təbrik edib, xoş sözlərini bildirdilər. Qeyd olundu ki, 1938-ci ildə Cənubi Azərbaycanın Urmiya şəhərində anadan olan rəssam gənclik illərindən müxtəlif sərgilərdə iştirak etməyə başlayıb, sərgi təşkilatçısı kimi fəal ictimai işlərə qoşulub. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra Almaniyada fəaliyyətə başlayan Azərbaycan səfirliyi və diaspor təşkilatları ilə faydalı əməkdaşlıq edir. Çıxışlarda o da vurğulanıb ki, rəssam Azərbaycan mədəniyyətini Almaniyada, Almaniya mədəniyyətini isə ölkəmizdə uğurla təbliğ edərək, iki dövlət arasında körpü rolunu oynayıb.
   Sonra sərgiyə baxış keçirildi. Rəssamın rəngkarlıq və qrafika janrlarında 150-dən artıq əsərinin nümayiş olunduğu sərgi aprelin 8-dək davam edəcək.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar