31 mart soyqırımına həsr olunmuş müsabiqənin yekun sərgisi
   
   Martın 30-da Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə Vəcihə Səmədova adına sərgi salonunda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sərginin açılışı keçirildi.
   
   Açılışda çıxış edən Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov xalqımızın qanlı tarixini anaraq qeyd etdi ki, artıq bir neçə ildir ki, ittifaq və nazirlik tərəfindən 1992-ci ilin Xocalı faciəsi və 1918-ci ilin mart soyqırımına həsr olunmuş müsabiqə keçirilir. Hər il müsabiqəyə təqdim edilən peşəkar rəsm əsərlərinin sayı artır. Bu il də müsabiqəyə maraqlı işlər təqdim olunub. Bu da ölkənin tarixini əks etdirən, onu dünyaya tanıdan sənət adamlarının sayının artması deməkdir.
   Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin Dekorativ-tətbiqi sənət sektorunun müdiri Qalib Qasımov tarix boyu ermənilərin xalqımızın başına gətirdiyi faciələrdən danışdı. Qeyd etdi ki, tarixi həqiqətlərin yayılmasında sənət adamlarının, o cümlədən rəssamların üzərinə mühüm məsuliyyət düşür. Onlar bu mövzuda işlərini beynəlxalq sərgilərə təqdim etməklə qan yaddaşımızın acı səhifələrini dünyaya çatdırmış olurlar.
   Almaniyada yaşayan tanınmış azərbaycanlı rəssam İbrahim Əhrari dünyanın müxtəlif yerlərindəki soydaşlarımızın vətən qarşısında tarixi borcundan söz açdı. Qeyd etdi ki, hər bir ölkənin tarixini xalq, millət yazır. Hər bir sənətkar da daim bir suala cavab verməlidir ki, mən xalqıma, millətimə nə etdim?
   Çıxışlardan sonra Rəssamlar İttifaqının sədri F.Xəlilov müsabiqədə qalib gələn rəssamların adını açıqladı, Eldar Babazadə, Adil Yusifov, Oqtay Quliyev, Adil Şıxəliyev, Zeynalabdin İsgəndərov və digər qalibləri təbrik etdi. 110 rəssamın qatıldığı müsabiqə “Ən yaxşı rəngkarlıq işi”, “Ən yaxşı qrafika işi”, “Ən yaxşı heykəltəraşlıq işi” və s. nominasiyalarda keçirilib. Daha sonra sərgiyə baxış keçirildi.
   
   Reyhan