“XX əsr FOX” kinoşirkətini az qala iflasa uğradan “Kleopatra” filmi yenidən çəkilir. Filmin prodüsseri Skott Rudin yazıçı Steysi Skiffin “Kleopatranın həyatı” adlı əsəri əsasında ekranlaşdırılacaq filmin çəkilişlərinə hazırlaşır. Filmin rejissoru isə Stiven Soderberqdir.
   
   Prodüsser Rudinin filmdə Misirin kraliçası rolu üçün nəzərində tutduğu aktrisa isə məşhur Hollivud ulduzu Ancelina Colidir. “USA Today” (“Amerika bu gün”) qəzetinə açıqlamasında Colinin bu rol üçün mükəmməl seçim olduğunu vurğulayan prodüsser yazıçı Steysi Skiffin də bu məsələdə onunla həmfikir olduğunu bildirib. İndiyədək Hollivudda dəfələrlə Misir kraliçası mövzusuna müraciət olunub. Bu filmlərdən ən məşhuru 1963-cü ildə rejissor Jozef Mankeviçin çəkdiyi film olub. Həmin filmdə baş rolları Elizabet Teylor və Riçard Barton oynayıblar. Məhz bu film ilə aktrisa Elizabet Teylor dünya şöhrəti qazanıb. Bir maraqlı faktı da bildirək ki, filmdə Kleopatranın tərəf-müqabili kimi Ancelina Colinin həyat yoldaşı Bred Pittin rol alacağı gözlənilir. Aktrisa ilə rəsmi müqavilə imzalanmasa da, bu rolun məhz onun üçün hazırlandığı və yalnız onun bu işin öhdəsindən gələ biləcəyi söylənilir.
   
   Vəfa Zeynalova