Aprelin 9-da “Baku Creative Center” yaradıcılıq mərkəzinin Bakı qalereyalar festivalı çərçivəsində “Art Villa” qalereyasında sərgi keçirilib. 
   “Hisslər” adlanan sərgi “Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatının layihəsidir. Sərginin məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanımaq və tanıtdırmaqdan ibarətdir.
   Açılış mərasimində bildirilib ki, Bakı qalereyalar festivalının məqsədi paytaxtımızda qalereya həyatını canlandırmaq, yaradıcı şəxsləri bir araya gətirərək ümumi iş ətrafında birləşdirmək, sadə insanlarda incəsənətə maraq yaratmaq və nəticədə sənətsevərlər üçün əsl incəsənət bayramı təşkil etməkdir.
   Sərgidə Nazim Məmmədov, Rasim Babayev, Mikayıl Abdullayev, İntiqam Ağayev, Fərid Ələkbərov, Sara Hüseynli, Rahim Həşimov, Siruz Mirzəzadə, Çingiz Fərzəliyev, Cəmalə Rəhmanlı, Emil Əziz, Günay Hüseynova, Könül Kəngərli, Eldar Babazadə, Ruslan Kovalyov, Vüqar Əli, Könül Hüseynzadə, Pərviz Cəfərov, Vüqar Quliyev və digər rəssamların əsərləri nümayiş olunub.