“YARAT!” Müasir İncəsənət Məkanının yeni layihəsində ingilis, qırğız və azərbaycanlı rəssamlar insanın daxili aləminə nəzər salırlar
   
   Aprelin 10-da “YARAT!” Müasir İncəsənət Məkanının “YAY!” qalereyasında “Özünümüşahidə” adlı videoart sərgisi açılıb. Aprelin 23-dək davam edəcək sərgi “YARAT!” Müasir İncəsənət Məkanı və gənc müstəqil kurator Suad Qarayeva tərəfindən düşünülərək reallaşdırılıb.
   
   İnsanın özünü dərketmə axtarışına çıxması qədim zamanlardan bəri müşahidə olunur. Vücudun fiziki və əqli hədlərini aşmaqla yaranan tərəqqi inqilabi ixtiralara və insan qabiliyyətinin gücləndirilməsinə səbəb olur. İnsanın daxili aləmi, vücud və beyni hər zaman onun özü üçün maraq mənbəyi olub. Son iki onillikdə müşahidə olunan texnoloji tərəqqi sayəsində insanın daxili aləmi ilə bağlı suallar yenə də gündəmdədir.
   “Özünümüşahidə” sərgisində üç rəssamın əsərləri təqdim olunur. Rəssamların hamısı insanın daxili aləmi mövzusuna toxunur və tamaşaçıların təməl, qədimdən gələn və əhəmiyyətli məqamlarla bağlı anlayışlarını sorğu-sual edir. Müəlliflər əbədilik konsepsiyasını mütərəqqi texnologiyalar dili ilə ifadə edən videoart sənətindən istifadə edirlər.
   Böyük Britaniyada doğulub böyüyən Villiam Kobbinqin yaratdığı əsərlər daxili aləm, onun zədələri və təxəyyülləri məsələləri ilə bağlı müasir Qərb anlayışının təməlini formalaşdıran Ziqmund Freydin psixotəhlil tədqiqatlarından qaynaqlanır. Onun 2004-cü ildə yaratdığı “Öpüş” əsərində məhəbbətin sonsuz izharı ilə bir-birinə qovuşmuş kişi və qadın təsvir olunub. Onların başlarını palçıq kürələri ilə əvəz edən Kobbinq, bu insanların fərdiyyətini formalaşdıran bütün əlamətlərini silmiş, bununla da o, bu addıma ümumdünya əhəmiyyəti əta edərək personajları təhtəlşüurla, qeyri-iradi duyğuların və diləklərin təməl meyli ilə məhdudlaşdırıb. Rəssamın “Qazıyıb çıxartma” adlı əsərində bərkimiş, fəqət incə və plastik torpaq quruluşu yerin altında gizlədilən insan mahiyyətini xatırladır, bununla da Kobbinqin cəhdlərinə əlavə dolaşıqlıq bəxş edir.
   Qırğız rəssamı Şaarbek Amankul qədim Şərq fəlsəfəsi və adət-ənənələrindən bəhrələnərək doğma torpağında yeni, postsovet ruhaniyyətini tədqiq edir. “Şam” videoçarxında Qırğızıstanın ucqar bölgələrində yenicə formalaşmış sektaların şaman ayinləri sənədli film şəklində göstərilir. Müəllif dini mərasimləri və bu mərasimlərdə iştirak edən insanları lentə alaraq daxili və xarici aləmlər arasında səddin yayılmasını və beləliklə, şamanların cuşa gəlmə məqamını əbədiləşdirib. “Zindan” əsərində məhbəsə müqavimət rəqsini oynayan iki çılpaq qadın fiquru təsvir olunub. Sürrealistik araşdırmalara və istəklərə izzət rəmzi olan bu film insanın daxilində bağlı olan, fəqət qeyd olunmağa, qaydaya salınmağa və reallaşdırılmağa can atan, əsirlikdə izhar olunan instinktdən bəhs edir.
   Azərbaycan rəssamı Zamir Süleymanov və Emin Əzizbəylinin 2012-ci ildə çəkdikləri “Astar” qısametrajlı filmi gündəlik həyatın təzahürü olan fərdin daxili aləminə baxışdan bəhs edir. Filmdə Bakıda və onun ətraflarında doğulub böyüyən gənc oğlanın gündəlik həyatı təsvir olunur. Əsərin qəhrəmanının keçirdiyi qeyri-adi təcrübəni ani kadrlarla göstərən müəlliflər, həm fərdi, həm də personajın öz təxəyyülü ilə bağlı, lakin bütün insanlara xas təəssüratlarını və əhəmiyyətsiz təcrübələrini təsvir edirlər. Məhdud özünümüşahidənin digər misalları kimi, belə bir gündəlik məqamlar həm fani, həm də əbədidir, həm mücərrəd, həm də realdır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar