Memarlıq və İnşaat Universitetində tələbə dizaynerlərin müsabiqəsi keçirilib
Respublikamızın nüfuzlu ali təhsil ocaqlarından olan Memarlıq və İnşaat Universitetində tələbələrin istedad və bacarığının üzə çıxarılması, yaradıcılıq imkanlarının genişləndirilməsi məqsədilə maraqlı tədbirlər həyata keçirilir.
Universitetin “Dizayn” və “Memarlıq layihələndirilməsi və şəhərsalma” kafedralarının “Memarlıq” fakültəsinin tələbələri arasında keçirdiyi yaradıcılıq müsabiqəsi də bu qəbildəndir. Dörd mövzu (“Şəhər fraqmentinin mühit dizayn həlli”, “İctimai bina interyerlərinin dizayn həlli”, “Firma üslubu təşkilatın qrafik təqdimat kompleksi”, “Müasir məktəb layihəsi”) üzrə keçirilən müsabiqəyə tələbələr forma, üslub və dizayn baxımından bir-birindən maraqlı işlər təqdim ediblər.
Dosent Zahidə Məmmədovanın sədrlik etdiyi müsabiqə komissiyası bütün layihələri diqqətlə nəzərdən keçirərək qalibləri müəyyən edib. “Şəhər fraqmentinin mühit dizayn həlli” mövzusu üzrə III kurs tələbəsi Sevda Mikayılova, “İctimai bina interyerlərinin dizayn həlli” mövzusunda III kurs tələbəsi Fatimə Cabarlı, “Firma üslubu təşkilatın qrafik təqdimat kompleksi” mövzusu üzrə IV kurs tələbəsi Ədilə Tahirova, “Müasir məktəb layihəsi”ndə isə III kurs tələbəsi Üzeyir Qasımov qalib elan edilib. Qaliblər fəxri diplom və pul mükafatına layiq görülüblər. Hər mövzu üzrə layihələri bəyənilən iki tələbə isə uğurlu iştirakçı kimi mükafatlandırılıb.
Müsabiqə qaliblərindən Fatimə Cabarlı ölkəmizdə yaradıcı gənclərə göstərilən diqqət və qayğıdan məmnunluğunu bildirərək belə tədbirlərin gənclərin bilik və bacarıqlarının üzə çıxmasında mühüm rolu olduğunu vurğulayıb: “Möhtərəm Prezidentimiz İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı bizim hər birimizin yaradıcılıq həvəsini daha da gücləndirir və bizi yeni layihələr üzərində daha əzmlə işləməyə sövq edir. Sevib-seçdiyimiz peşədə ilk uğurlarımızla əziz müəllimlərimizin bizə çəkdiyi zəhməti doğrultmağa çalışırıq. Gələcəkdə layiqli övladlar kimi dövlətimizə və xalqımıza sədaqətlə xidmət etmək bizim ən uca amalımızdır”.