Akademik Zərifə xanım Əliyevanın 90 illiyi münasibətilə rəsm sərgisi
Görkəmli oftalmoloq alim, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi paytaxtın Səbail rayonunda geniş şəkildə qeyd olunur. Yubiley tədbirləri çərçivəsində Qalereya-1969 salonunda Mədəniyyət və Turizm Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tanınmış rəssamların əl işlərindən ibarət sərgi açılıb.
Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin, Səbail Rayon İcra Hakimiyyətinin rəhbərliyi, M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, Milli Məclisin deputatı Fuad Muradov, tanınmış elm, mədəniyyət, incəsənət xadimləri, rayon ictimaiyyətinin nümayəndələri, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri iştirak ediblər.
Sərgi salonuna toplaşan qonaqları salamlayan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov görkəmli alim, Əməkdar elm xadimi Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, Zərifə xanım respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev akademik Zərifə xanım Əliyevanın elmi fəaliyyətindən söz açaraq alimin 90 illik yubileyinə həsr olunan sərginin əhəmiyyətini vurğulayıb. Nazir Zərifə xanımın əziz xatirəsinə həsr olunan sərgidə nümayiş etdirilən rəsm əsərlərini yüksək qiymətləndirib.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Xalq rəssamı Ömər Eldarovun müəllifi olduğu “Zərifə xanım Əliyevanın abidəsi”nin fotoportreti, Xalq rəssamı Oqtay Sadıxzadənin “Zərifə xanım Əliyevanın portreti”, “Azərbaycanlı qadının portreti”, Altay Sadıxzadənin “Mehriban xanımın portreti” və “Nərgiz xanımın portreti”, həmçinin görkəmli fırça ustalarından Mikayıl Abdullayev, Tahir Salahov, Toğrul Nərimanbəyov, Maral Rəhmanzadə, Böyükağa Mirzəzadə, Sakit Məmmədov, Xalidə Səfərova - ümumilikdə 19 rəssamın anaya, Azərbaycan qadınlarına həsr olunmuş əsərləri maraqla qarşılanıb.
Tanınmış rəssamlarla yanaşı, gənc rəssam Nərgiz Quliyevanın əlamətdar yubileylə bağlı Zərifə xanım Əliyevanın muncuqdan hazırladığı portreti də böyük maraq doğurub.
Tədbirdə rayonun Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbinin şagirdləri müxtəlif klassik musiqi nömrələri ilə çıxış ediblər.