Aprelin 26-da Muzey Mərkəzinin incəsənət qalereyasında Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının təşkilatçılığı ilə tanınmış fırça ustası, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Abbas Kazımovun fərdi sərgisi açıldı. “Parlaq dünya” adlı sərgidə rəssamın onlarla rəngkarlıq və qrafika əsərləri nümayiş olundu.
   
   Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək sənətkarın keçdiyi yaradıcılıq yolundan danışdılar.
   Nazir Əbülfəs Qarayev bildirdi ki, Abbas Kazımovun əsərlərində Azərbaycan və Rusiya xalqlarının tarixi dostluq əlaqələri özünü qabarıq şəkildə göstərir: “O, Abşeron rəssamlıq məktəbinin nümayəndəsi kimi dekorativ-tətbiqi sənət nümunələrini rəngkarlıqla sintez edərək yaddaqalan əsərlər yaradıb, eyni zamanda, rəngkarlıqda unikal “xalça üslubu”nun yaradıcısı kimi tanınır. Bu üslub özündə Şərq və klassik incəsənət məktəbinin xüsusiyyətlərini birləşdirir”.
   Sonra sərgiyə baxış keçirildi. Görkəmli sənətkarın “Çalıquşu”, “Rəssamın ailəsi”, “Qaçqınlar”, “Uşaq və qaçqın qadın” və digər əsərləri maraqla qarşılandı.
   Qeyd edək ki, Abbas Kazımovun əsərləri indiyədək dünyanın bir çox ölkələrində, o cümlədən, Rusiya, Qazaxıstan, Ukrayna, Özbəkistan, ABŞ və Çində nümayiş olunub.

   Savalan Fərəcov