Mayın 7-də Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan xalçası: qayğı ilə yaşayan sərvət” adlı sərgi keçirildi.
   
   Tədbiri muzeyin elmi katibi Fəridə Quliyeva açaraq bildirdi ki, bu gün Azərbaycan xalçasının səsi-sorağı dünyanın ən mötəbər məclislərindən gəlir: “Xalça sənətimizin şan-şöhrətinin bu səviyyəyə gəlib çatması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu tədbirin keçirilməsində də məqsədimiz ulu öndərin xalça sənətinə göstərdiyi diqqət və qayğını bir daha xatırlatmaq və onun əziz xatirəsini yad etməkdir”.
   Ulu öndərin 1972-ci ildə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin açılışında iştirak etdiyini xatırladan F.Quliyeva qeyd etdi ki, həmin vaxtdan bu qiymətsiz sərvət böyük şəxsiyyətin tükənməz qayğısı ilə əhatə olundu. 1993-cü ildə görkəmli dövlət xadiminin hakimiyyətə qayıdışından sonra mədəniyyətimizin digər sahələrində olduğu kimi, xalça sənətində də böyük dirçəliş yaşandı, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin inkişafına diqqət artdı, ekspozisiyası daha da zənginləşdi.
   Elmi katib 1983-cü ildə keçirilən Şərq xalça sənəti üzrə beynəlxalq simpozium haqqında da məlumat verdi, bu tədbirin milli xalça sənətimizin dünyada tanınmasına mühüm töhfə olduğunu bildirdi.
   “Azərxalça” Elmi Yaradıcılıq Birliyinin direktoru Əlisəfa Nuriyev, xalçaçı rəssam Eldar Mikayılzadə çıxış edərək ümummilli liderlə bağlı xatirələrini bölüşdülər. Muzey tərəfindən mövzu ilə bağlı hazırlanan slayd-şouda Heydər Əliyevin xalça sənəti haqqında çıxışı, fotoşəkilləri, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xalça sənətinə diqqət və qayğısını əks etdirən fotolar təqdim olundu.
   
   Savalan Fərəcov