Mayın 5-də Qəbələ Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş Qəbələ III Beynəlxalq incəsənət sərgisinin açılış mərasimi keçirilib.
   
   Azərbaycan Mədəniyyət Fondunun və SEBA (Seul-Baku) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkil etdiyi “Portretlərin melodiyası” adlı sərgidə 23 ölkədən 158 rəssamın 291 əsəri nümayiş etdirilir. Nümayiş olunan rəsmlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əsərləri də yer alıb.
   Açılışda Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın sərgi iştirakçılarına təbrik məktubu oxunub.
   Mərasimdə çıxış edən SEBA-nın sədri Ruhəngiz Heydərova sərginin mədəniyyətimizin genişmiqyaslı təbliği istiqamətində reallaşdırılan layihələrin davamı olduğunu bildirib, tədbirin baş tutmasına yaxından kömək göstərmiş Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Qeyd olunub ki, ötən illə müqayisədə builki sərgidə iştirak edən rəssam və heykəltəraşların, onların təmsil etdikləri ölkələrin sayının artması layihəyə olan marağın ildən-ilə artdığını göstərir. Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin direktoru Vilayət İsmayılov, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycanın və Rusiyanın Xalq rəssamı Tahir Salahov, Koreya Respublikasının ölkəmizdəki səfiri Çoi Suk-İn çıxış edərək sərginin mədəniyyətlərarası dialoqa xidmət edən bu incəsənət bayramının ənənəvi olaraq keçirilməsini arzulayıblar.
   Sərgi iştirakçılarından 24 nəfər müxtəlif nominasiyalar üzrə diplomla təltif olunub.
   Sərginin tərtibatı, nümayiş olunan rəsm əsərləri tədbir iştirakçılarında xoş təəssürat yaradıb. Sonra konsert proqramı təqdim edilib. Beynəlxalq sərgi mayın 19-dək davam edəcək.