Müasir İncəsənət Mərkəzində rusiyalı rəssamların sərgisi açılıb
Mayın 9-da Müasir İncəsənət Mərkəzində Beynəlxalq Səyyar İncəsənət Akademiyası layihəsinin iştirakçıları olan rusiyalı gənc rəssamların sərgisinin açılışı olub. Sərgi Heydər Əliyev Fondu, Rusiyanın Xarici İşlər və Mədəniyyət nazirlikləri, Rusiya Mədəniyyət Fondu və Beynəlxalq Proqramlar Direktorluğunun təşkilatçılığı ilə gerçəkləşib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva açılışda iştirak edib.
Müasir İncəsənət Mərkəzinin icraçı direktoru Xəyyam Abdinov tədbiri açaraq sərginin böyük maraq doğuracağına əminliyini ifadə edib.
Sərginin keçirilməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna minnətdarlıq edən Rusiyanın Əməkdar incəsənət xadimi, Beynəlxalq Proqramlar Direktorluğunun rəhbəri Tatyana Şumova Bakıda olmaqdan məmnunluğunu bildirib. Onun sözlərinə görə, Beynəlxalq Səyyar İncəsənət Akademiyası layihəsinin iştirakçıları olan rusiyalı gənc rəssamların sərgisi iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə olacaq.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və qonaqlar sərgi ilə tanış olublar. Sərgidə Beynəlxalq Səyyar İncəsənət Akademiyasında təhsil alan 8 gənc rəssam iştirak edir. Bildirilib ki, mayın 2-də Bakıya gələn iştirakçılar nümayiş olunan əsərləri burada çəkiblər. İki həftə davam edəcək sərgidə gənc rəssamların 64 əl işi yer alıb. Burada həmçinin Rusiya Rəssamlar İttifaqının üzvü, bu ölkənin Əməkdar rəssamı Aleksandr Pokrovskinin əsərləri də sərgilənir.
Rusiyalı rəssamların əsərlərində Bakı bulvarı, sahilyanı ərazi, İçərişəhər, tarixi abidələr, Bayraq meydanı, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Fondu əks olunub. Yağlı boya ilə kətan və karton üzərinə işlənən rəsmlər orijinallığı və rəng koloriti ilə diqqəti cəlb edir.