Respublika müsabiqəsinin yekun sərgisi
   
   Mayın 10-da Muzey Mərkəzində “Bakı dünən, bu gün, sabah” respublika müsabiqəsinin yekun sərgisi açıldı. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, Dövlət Rəsm Qalereyası və “Xətai” Sənət Mərkəzinin birgə təşkil etdiyi müsabiqə ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunub.
   
   Sərginin açılışında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ümummilli liderin yubileyi münasibətilə təşkil olunan silsilə tədbirlərdə bütün ölkə ictimaiyyəti kimi, mədəniyyət xadimlərinin, bu sahədə çalışan insanların fəal iştirak etdiyini vurğuladı: “Bu, mədəniyyətimizə daim diqqət və qayğı göstərmiş ulu öndərin xatirəsinə mədəniyyət işçilərinin dərin ehtiramının nümunəsidir. 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən sonra ümummilli liderin atdığı ilk addımlardan biri məhz mədəniyyətimizin, incəsənətimizin, onun yaradıcı potensialının gücləndirilməsi istiqamətində olmuşdur. Bu diqqət və qayğı sayəsində mədəniyyətimizin bütün sahələri inkişaf edir, dünyada geniş tanınır və təbliğ olunur. Bugünkü sərgi də sənət adamlarının böyük öndərin yubileyinə töhfəsidir. Hamımız yaxşı bilirik ki, Heydər Əliyev rəssamlığa, heykəltəraşlığa vurğun idi. İncəsənətin bu sahələrini çox sevərdi. Müsabiqənin “Bakı dünən, bu gün və sabah” adlandırılması da təsadüfi deyil. Çünki Bakının inkişafında, imicinin formalaşdırılmasında ulu öndərin xüsusi rolu olmuş və o, daim Azərbaycan şəhərlərinin yeni simasını yaratmağa çalışmışdır. Şəhərlərimizdə memarlığın inkişafına xüsusi diqqət yetirmişdir. Memarlıq, rəngkarlıq, heykəltəraşlıq sahəsində insanların zövqünün formalaşdırılması və bu sahəyə marağın artmasını istəyirdi. Onun dövründə Bakıda və ölkənin digər şəhərlərində gözəl binalar inşa olundu, neçə-neçə elm və mədəniyyət xadimlərimizin büstü, heykəli ucaldıldı”.
   Azərbaycanın dünya ölkələri arasında siyasi cəhətdən ən sabit və inkişaf üçün əlverişli bir mövqedə olduğunu deyən nazir bunun mədəniyyətin də inkişafına töhfə verdiyini, mühüm zəmin yaratdığını bildirdi: “Sərgidə əsərləri nümayiş olunan insanlar sırasında elə müəlliflər var ki, məhz Heydər Əliyevin dövründə yaradıcılığa başlamışlar və bu diqqət və qayğıdan onlara da pay düşmüşdür. Bu gün Bakıda qorunan memarlıq incilərimizlə yanaşı, müasir memarlıq abidələri də ucaldılır və yeni sənət nümunələri yaranır. Buna misal olaraq Heydər Əliyev Mərkəzini, “Üç alov” qüllələrini, Xalça Muzeyinin yeni binasını göstərə bilərik. Bu gün həmin tikililər müasir Bakının görkəmidir”.
   Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov “Bakı dünən, bu gün, sabah” respublika müsabiqəsi haqqında məlumat verdi. Bildirildi ki, 2012-ci il oktyabrın 9-dan 2013-cü il aprelin 15-dək davam edən müsabiqəyə 12 mövzu üzrə çoxlu sayda maraqlı əsərlər təqdim olunub. Lakin müsabiqəyə hələ tam yekun vurulmayıb: “Münsiflər heyətinin qərarı ilə sərgidə 80-dək rəngkarlıq, qrafika və kiçik həcmli heykəltəraşlıq əsərləri nümayiş olunur və sonra onların arasından ən yaxşı işlər müəyyənləşdirilərək mükafatlandırılacaq”.
   Nümayiş olunan əsərlərin arasında ulu öndər Heydər Əliyevin dövründə yaradılan binalar, onun qayğısı sayəsində mühafizə edilən tarixi-mədəni irsimiz, bu gün Bakının mənzərəsini əks etdirən və rəssamların gələcəyə nikbin baxışla yaratdıqları əsərlər var. Paytaxtımızın tarixi keçmişini, bugününü və gələcək inkişaf perspektivlərini əks etdirən, yüksək sənət tələblərinə uyğun, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edən yeni incəsənət əsərlərinin yaradılması məqsədilə gerçəkləşən müsabiqənin yekun sərgisi mayın 17-dək davam edəcək.
   
   Lalə Azəri