Mayın 14-də Vyanada İncəsənət Tarixi Muzeyində Heydər Əliyev Fondunun, “Baku” jurnalının və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə layihəsi çərçivəsində “Bakıya uçuş: müasir Azərbaycan incəsənəti” sərgisi açılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva mərasimdə iştirak edib.
   
   Vyana İncəsənət Tarixi Muzeyinin sərgilərin idarə olunması şöbəsinin rəhbəri Kristian Hölzl belə ekspozisiyanın Vyanada açılmasından məmnun olduğunu bildirib. Onun sözlərinə görə, Avstriya tarixinin qiymətli əsərlərinin qorunduğu bu muzey “Bakıya uçuş” sərgisini məmnuniyyətlə qəbul edib.
   Mərasimdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkəmizin tarixi və zəngin mədəniyyəti barədə danışıb. Qeyd edib ki, müsəlman aləmində ilk qız məktəbi Bakıda açılıb, Şərqdə ilk demokratik respublika Azərbaycanda qurulub, Şərqdə ilk opera bizim ölkəmizdə səhnələşdirilib. “Azərbaycanın paytaxtı Bakı müasirlik və qədimliyin sintezidir”, - deyən Leyla Əliyeva məhz buna görə şəhərin bütün dövrlərdə insanlar üçün maraqlı olduğunu vurğulayıb. O, “Baku” jurnalının fəaliyyətindən də danışaraq nəşrin Azərbaycanın təbliğinə xüsusi diqqət göstərdiyini bildirib.
   Heydər Əliyev Fondunun vitse-prezidenti sərginin əhəmiyyətini qeyd edərək deyib: “Sənət mənim həmişə həssaslıqla yanaşdığım sahədir. Çox şadam ki, bu sərgi Azərbaycandan olan istedadlı rəssamlara öz əsərlərini dünyaya nümayiş etdirmək üçün imkan yaradır. Sərgidə 21 rəssamın 100-dən çox əsəri təqdim olunur. Bura rəsm əsərləri, video instalyasiyalar, heykəllər və fotoşəkillər daxildir. Biz artıq bu sərgini Avropanın beş paytaxtında - Londonda, Parisdə, Berlində, Moskvada və Romada təşkil etmişik. Vyanada, qədim tarixə malik bu gözəl şəhərdə olmaqdan çox məmnunuq”.
   Sərginin kuratoru Erve Mikaelof Avropanı gəzən bu sərginin Avstriyanın paytaxtı Vyanada açılmasından məmnun olduğunu vurğulayıb.
   Sonra tədbir iştirakçıları “Bakıya uçuş” sərgisi ilə tanış olublar. Sərgini Şərqlə Qərb mədəniyyətlərinin sintezi olan müasir Azərbaycan incəsənətinin uğurlu təqdimatı kimi qiymətləndirmək olar. Altay Sadıxzadə, Leyla Əliyeva, Müseyib Əmirov, Adil Yusif, Zərnişan Yusif, Əliyar Əlimirzəyev, Rəşad Ələkbərov və başqalarının əsərləri üslubu ilə iştirakçıları özünə cəlb edir. Əsərlərdə incəsənətin, dövrümüzün aktual mövzularına toxunulub, eksperimental yanaşmalardan istifadə edilib. Fərqli forma və rənglə diqqəti çəkən müasir incəsənətin bu maraqlı nümunələri qeyri-adi düşüncənin əksi olaraq, maraqlı işlənmə texnikası ilə seçilir, müasir Azərbaycan incəsənətinin özəlliyindən xəbər verir.
   Bununla yanaşı, sərgi Heydər Əliyev Fondunun istedadlı gəncləri üzə çıxarmaq istiqamətində atdığı addımların nə qədər uğurlu olduğunu bir daha təsdiqləyir. Belə layihələr nəticəsində zəngin Azərbaycan mədəniyyəti ilə yanaşı, ölkəmizin istedadlı gəncləri də dünyada tanınır və qəbul edilir.
   Vyanada “Bakıya uçuş” sərgisi mayın 26-dək davam edəcək.