Tamaşaçılara məşhur “Sürət” filmindən tanış olan Sandra Ballok və Kianu Rivz 12 il sonra Alejandro Agrestinin çəkdiyi “Göl evi” filmində bir araya gəliblər. 
   Onların bu filmdə yaratdığı obrazlar da, «Sürət»də olduğu kimi, zamana qarşı yarışırlar, amma bu savaş iki insanın müəyyən zaman kəsiyində sevgiləri uğrunda apardığı mübarizədir. Bu filmdə də rejissor sonadək tamaşaçını maraq dairəsində, gərginlik içində saxlayır. Fantastika janrında çəkilmiş filmin prodüsserləri Douq Davison, Roy Li, ssenari müəllifi David Auburndur.
   Sevgi həqiqətən zaman və məkan tanımır. “Göl evi” filmi isə bunun ən gözəl nümunəsidir. Möcüzəvi eşq əhvalatından bəhs edən filmdə baş qəhrəmanların həyatı ilə yanaşı, tamaşaçının diqqətini çəkən bir obyekt də var.
   Bu, memarlıq möcüzəsi olan “Göl evi»dir. Şüşədən inşa edilmiş bu ev, həqiqətən bir sevgi məkanıdır. Aleksin atası bu evi çox sevdiyi həyat yoldaşı üçün inşa etdirib. Həyatında bir dəyişiklik etmək vaxtının çatdığını hiss edən həkim Qata Forster (Sandra Ballok) təcrübəsini tamamladığı yerli İlinoys xəstəxanasından ayrılaraq Çikaqoda bir xəstəxanada işə qəbul edilir. Qatanın keçmiş həyatdan ayrılarkən təəssüfləndiyi tək şey kirayəyə götürdüyü gözəl evi tərk etməsidir. Bu gözəl dizaynlı evin geniş pəncərələrindən qarşıdakı sakit və rahatladıcı göl görünür. Qata 2006-cı ilin qış günündə Çikaqoya yola düşməzdən öncə evin gələcək sakini üçün bir məktub yazıb qoyur.
   Evin sonrakı sahibi isə onu inşa edən memarın oğlu Aleks Şilerdir (Kianu Rivz). Aleks bir müddət Qatanın məktubuna diqqət verməsə də, başına gələn möcüzəvi bir hadisə onun Qata ilə məktublaşmasına səbəb olur. Qata 2006-cı ildə yaşayarkən Aleks 2004-cü ildə yaşamaqdadır. Qata və Aleks bir-birinə qovuşmaq üçün görüşməlidirlər və bunun üçün onlar zamana qalib gəlməlidir. Aralarındakı dağlardan daha aşılmaz bir maneə, iki illik zaman fərqi. Amma sevgi bir daha qüdrətini göstərir və zamana meydan oxuyur. Film ilk baxışdan qeyri-mümkün görünən bir sevgi hekayəsidir.
   Film insanlara çox gözəl bir mesajdır. Həyatda nə olursa olsun, xoşbəxtliklərimizi dəyərləndirməli və hər bir şeyin dəyərini vaxtında bilməliyik ki, sonra təəssüflənməyək.  

  Nuray